Çin və Rusiya sualtı donanmanı sürətlə genişləndirir: ABŞ üçün yeni təhlükə
Çin və Rusiya sualtı hərbi imkanlarını gücləndirmək üçün investisiyaları artırır. Hər iki ölkə nüvə sualtı qayıqlarının sayını və texnoloji imkanlarını genişləndirməyə çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, Çin təkcə yeni sualtı qayıqların istehsalına deyil, həm də okeanoqrafik tədqiqatlara, dəniz dibinin xəritələşdirilməsinə, pilotsuz sualtı aparatlara və sualtı müşahidə sistemlərinə investisiya yatırır.
Məlumata görə, Çin son dörd ildə “Shang III” layihəsinə aid səkkiz nüvə sualtı qayığını donanmaya daxil edib. ABŞ-ın qiymətləndirmələrinə əsasən, Çin gəmiqayırma zavodları növbəti on il ərzində bu istehsal tempini qoruyaraq daha 20-40 sualtı qayıq inşa edə bilər.
Rusiya isə “Borey” və “Yasen” sinifli sualtı qayıqların imkanlarını inkişaf etdirir. Bundan başqa, Moskvanın nüvə başlığı daşıya bilən “Poseydon” pilotsuz sualtı aparatını hazırladığı bildirilir.
Məqalədə Şimali Koreyanın da nüvə sualtı qayığı yaratmaq istiqamətində çalışmalar apardığı vurğulanır. Bununla belə, Pxenyanın açıqladığı texnoloji nailiyyətlər hələ müstəqil şəkildə təsdiqlənməyib.
Kübra Musayeva