Çin orta ömür müddətini uzadacaq
Dünya
06.03.2026 19:45
Çin 2026-2030-cu illəri əhatə edən növbəti beşillik plan çərçivəsində ölkə əhalisinin orta ömür müddətini 80 yaşa çatdırmağı hədəfləyir.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin nəticələrinə əsasən ölkədə orta ömür müddətinin 79 il olacağı proqnozlaşdırılır. Növbəti beş il ərzində bu göstəricinin ən azı bir il artırılması planlaşdırılır.
Yeni proqramda əsas prioritet xəstəliklərin qarşısının alınması olacaq. Bu çərçivədə ailə həkimi sisteminin təkmilləşdirilməsi, tibbi maarifləndirmənin artırılması, eləcə də bədən çəkisi, qan təzyiqi, lipidlər və qanda şəkərin səviyyəsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, ürək-damar xəstəlikləri, xərçəng, tənəffüs sistemi xəstəlikləri və şəkərli diabet kimi xroniki xəstəliklərlə mübarizəyə xüsusi diqqət ayrılacaq. İlkin səhiyyə xidmətlərinin və teletibb imkanlarının inkişaf etdirilməsi də proqramın əsas istiqamətləri arasında yer alır.
Plana əsasən, yaşlı əhaliyə xidmət sahəsində də islahatlar həyata keçiriləcək. Hazırda ölkədə təxminən 310,3 milyon yaşlı insan yaşayır ki, bu da ümumi əhalinin təxminən 22 faizini təşkil edir. Proqram çərçivəsində baxım xidmətlərinin keyfiyyətinin artırılması, uzunmüddətli qayğı sığortasının tətbiqi və əlilliyi və ya demensiyası olan yaşlı insanlara dəstəyin gücləndirilməsi planlaşdırılır.
Türkan İsgəndərli
tag: Ömür,Yaş,Çin,Əhali,Todaypress.tv,
