Cənubi Koreya hipersəs raketlər hazırlayır
Dünya
14.03.2026 10:00
Cənubi Koreya hipersəs silahların hazırlanması yarışına qoşulub.
TodayPress TV xəbər verir ki, bu barədə "Techkult" məlumat yayıb.
Ölkənin "Hyundai Motor" şirkətinin törəmə müəssisəsi "Hyundai Rotem" yaxın on il ərzində hipersəs raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. Layihə Müdafiə İnkişaf Agentliyi (ADD) ilə birlikdə həyata keçiriləcək.
Məlumata görə, hazırlanan raket "Mach 5"dən (səs sürətindən 5 dəfə çox) artıq sürətə çata biləcək. "Hyundai Rotem" hipersəs uçuşunu davamlı saxlamağa imkan verən əsas texnologiyanı artıq əldə edib.
Söhbət "HyCore" adlı sistemdən gedir. Bu texnologiya mühərriklərin işləməsi üçün yuxarı atmosfer qatlarında oksigeni udaraq yanmanı təmin edir. Şirkət bu sistemi 2018-ci ildən bəri inkişaf etdirir.
2024-cü ildə keçirilən uçuş sınaqları zamanı "HyCore" sistemi "Mach 6" sürətinə qədər çatdırılıb və növbəti test mərhələləri üçün lazım olan məlumatlar toplanıb. Şirkət hazırkı inkişaf tempinin davam edəcəyi halda raketin 2035-ci ilə qədər hazır ola biləcəyini bildirib.
Cənubi Koreya hökuməti bu layihə ilə hipersəs raketlərə malik qonşuları – Çin və Şimali Koreya ilə texnoloji fərqi azaltmağa çalışır. Yaponiya isə 2027-ci ildə hipersəs silahları olan ölkələr sırasına qoşulmağı planlaşdırır.
Türkan İsgəndərli
tag: Hipersəs,Silah,Raket,Hyundai,Todaypress.tv,
