“Bu, İran üçün təzyiq siqnalıdır” – Analitik
Dünya
04.03.2026 22:25
“ABŞ-nin neft tankerlərini hərbi müşayiətlə keçirmə ehtimalı həm enerji təhlükəsizliyi mesajıdır, həm də İran üçün təzyiq siqnalıdır”.
Politoloq Yusif Bağırzadə bunuTodayPress TV-yə danışarkən bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Hörmüz boğazı dünya neft ticarətinin kritik arteriyasıdır və onun təhlükəsizliyi regiondakı qarşıdurmanın mərkəzində dayanır. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın bu mövqeyi enerji təchizatının fasiləsizliyini təmin etmək və Qərb müttəfiqlərinə güvən mesajı vermək məqsədi daşıyır.
“ABŞ neft tankerlərinin hərbi müşayiət altında Hörmüz boğazından keçə biləcəyini bildirməklə faktiki olaraq regionda istənilən blokada və ya hərbi təzyiq cəhdinə qarşı açıq mövqe ortaya qoyur. Bu addım Qərb bazarlarına neft axınının dayandırılması risklərini azaltmaq baxımından müttəfiqlər üçün əhəmiyyətlidir və Vaşinqtonun “dəhliz təhlükəsizliyi”ni təmin etməkdə qətiyyətini nümayiş etdirir", - deyə analitik izah edib.

O əlavə edib ki, məsələ İran üçün həm simvolik, həm də strateji xarakter daşıyır. ABŞ hərbi müşayiəti açıq şəkildə elan etdikdə, Tehran bunu birbaşa hərbi təzyiq kimi qiymətləndirə və cavab reaksiyalarını sürətləndirə bilər. Onun sözlərinə görə, cavab variantları sırasında raket proqramı çərçivəsində addımlar və ya proksi qüvvələr vasitəsilə bölgədə taktiki manevrlər yer ala bilər.
Ekspert hesab edir ki, ABŞ-nin mövqeyi yalnız ikitərəfli mesaj deyil, həm də regional və qlobal aktorlara ünvanlanıb:
“Enerji resurslarına maneə yaratmaq diplomatik, iqtisadi və potensial hərbi reaksiyaya səbəb ola bilər. Bu isə təzyiqlərin təkcə ABŞ-dən deyil, enerjiyə ehtiyacı olan Avropadan, Körfəz ölkələrindən və hətta enerji tələbatının bir hissəsini Hörmüz vasitəsilə ödəyən Çindən də gələ biləcəyini göstərir”.
Analitikin qənaətincə, əgər Trampın bəyan etdiyi kimi əməliyyatlar həyata keçirilərsə, onların real səviyyəsi mərhələli olacaq və hərbi müşayiət yalnız zərurət yarandıqda tətbiq ediləcək. Bu isə eskalasiyanın idarə olunan və selektiv qalmasına imkan verə bilər.

Y.Bağırzadə sonda bildirib ki, Trampın açıqlaması ABŞ-nin enerji təhlükəsizliyinə prioritet verdiyini göstərir və Hörmüz boğazının strateji əhəmiyyətini yenidən ön plana çıxarır. Bununla belə, mümkün cavabların xarakteri regional balansın qorunması və beynəlxalq təzyiqlərin təsiri ilə məhdudlaşacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinin zərurət yaranarsa, neft tankerlərini Hörmüz boğazından keçirməyə hazır olduğunu bildirib:
"Hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, ABŞ bütün dünyaya enerji resurslarının maneəsiz təchizatını təmin edəcək".
Aysel Mətləb
tag: Tramp,İran,Hörmüz,ABŞ,
