Britaniya qərarını verdi: Trampın cavabı nə olacaq?

Dünya

06.03.2026 22:36

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin İsrail-İran-ABŞ müharibəsinə qoşulmayacağını bəyan edib. 

Maraqlıdır, bu qərar ABŞ lideri Donald Tramp ilə münasibətlərdə gərginlik yarada bilərmi?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov TodayPress TV-yə danışarkən bildirib ki, Londonun İrana qarşı əməliyyatlara qatılmaması Vaşinqtonda narazılıq doğursa da, bu addım Britaniyanın müstəqil siyasətinin göstəricisidir.


Siyasi şərhçi qeyd edib ki, Vaşinqton bu qərarı iki müttəfiq ölkə arasında illərdir mövcud olan sıx hərbi və siyasi əməkdaşlığa zidd mövqe kimi qiymətləndirə bilər. 

O vurğulayıb ki, ABŞ və Böyük Britaniya xüsusən təhlükəsizlik və hərbi məsələlərdə hər zaman bir-birinə güvənən əsas müttəfiqlərdən sayılıb.

"Onsuzda Baş nazir Kir Starmerin hökuməti Britaniya ərazisində yerləşən hərbi bazaların istifadəsinə məhdudiyyət qoyaraq ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirak etməmək qərarı verdikdən sonra münasibətlərdə müəyyən gərginlik yaranıb. ABŞ Prezidenti Donald Trampın reaksiyası da bu narazılığın göstəricisidir", - deyə o izah edib. 


Ekspert əlavə edib ki, Trampın Starmeri Britaniyanın sabiq Baş naziri Uinston Çörçilllə müqayisə etməsi və onun müharibə məsələsində ABŞ ilə əks mövqeyini tənqid etməsi Britaniyanın qərarına sərt münasibət kimi qiymətləndirilə bilər:

"Starmerin mövqeyi daha geniş strateji məna daşıyır. Baş nazir hüquqi əsas və aydın plan olmadan müharibəyə qoşulmağın doğru olmayacağını bildirərək həm daxili auditoriyanın, həm də beynəlxalq ictimaiyyətin təhlükəsizliyini ön plana çıxarır. London ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulmamaqla müstəqil xarici siyasət xəttinə sadiq qaldığını və beynəlxalq hüquq prinsiplərinə hörmət etdiyini nümayiş etdirir".


Analitik bildirib ki, bu addım Britaniyanın müstəqilliyini qorumaq və müharibə qərarlarına daha ehtiyatlı yanaşmaq istəyi ilə də izah olunur. O, həmçinin qeyd edib ki, Starmerin mövqeyi ölkə daxilində xarici müharibələrə skeptik yanaşan seçicilərin dəstəyi ilə bağlı siyasi hesablamalara da söykənə bilər.

Politoloq hesab edir ki, yaranmış vəziyyət ABŞ-nin Böyük Britaniyaya diplomatik və ya siyasi təzyiqini artıra bilər, lakin əlaqələrin tam şəkildə pisləşməsi ehtimalı azdır.

Onun qənaətincə, iki ölkə bir çox sahələrdə əməkdaşlığı davam etdirir və gələcək diplomatik addımlar münasibətlərin necə inkişaf edəcəyini müəyyən edəcək.

Aysel Mətləb

TodayPress TV

tag: Rəşad Bayramov,Tramp,Starmer,Britaniya,Müharibə,ABŞ,Todaypress.tv,