Braziliyada naməlum heyvanın qalıqları tapıldı

Dünya

05.03.2026 19:15

Braziliyada alimlər təxminən 275 milyon il əvvəl yaşamış, elmə əvvəllər məlum olmayan qədim heyvanın daşlaşmış çənə qalıqlarını aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə araşdırma "Proceedings of the Royal Society B: Biological Sciences" jurnalında dərc olunub.

Fosillər Amazon meşələrinə yaxın ərazidə qurumuş çay yatağında aparılan tədqiqatlar zamanı tapılıb. Alimlər uzunluğu təxminən 15 santimetr olan doqquz oxşar çənə sümüyü aşkarlayıblar. Skeletin digər hissələri hələ tapılmasa da, çənələr heyvan haqqında mühüm məlumat verib.

Yeni növ Tanyka amnicola adlandırılıb. “Tanyka” sözü yerli quarani dilində “çənə”, “amnicola” isə latınca “çay kənarında yaşayan” mənasını verir.

Tədqiqatın aparıcı müəllifi, Çikaqo Sahə Muzeyinin alimi Ceyson Pardonun sözlərinə görə, çənənin quruluşu olduqca qeyri-adi olub. Çənə bir qədər burulmuş vəziyyətdə olduğundan dişlər yuxarı deyil, yan istiqamətə yönəlib. Bundan başqa, çənənin daxili səthi çoxsaylı xırda dişciklərlə örtülüb.

Alimlər hesab edir ki, bu dişciklər sürtgəc kimi işləyən səth yaradıb və yuxarı çənə ilə bir-birinə sürtünərək qidanı xırdalaya bilib. Bu cür quruluş adətən bitkilərlə qidalanan heyvanlara xasdır.

Bu səbəbdən tədqiqatçılar Tanyka amnicolanın ən azı qismən ot yeyən olduğunu düşünürlər. Bu isə gözlənilməz sayılır, çünki həmin dövrdə yaşayan dördayaqlıların əksəriyyəti yırtıcı olub.

Heyvan tetrapodlar — dörd ətraflı onurğalılar qrupuna aid idi. Lakin o, daha qədim təkamül xəttinə – “kök tetrapodlar”a mənsub olub.

Alimlərin fikrincə, bu tapıntı qədim Qondvana qitəsində hansı heyvanların yaşadığını və o dövrün ekosistemlərinin necə formalaşdığını daha yaxşı anlamağa kömək edir.

Qiymət Mahir

tag: Braziliya,Heyvan ,Çənə sümüyü,Tanyka,TodayPress TV,