BƏƏ: İranlı icmanın hüquqları qorunur

Dünya

02.04.2026 11:45

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi ölkədə yaşayan iranlıların hörmət və qoruma altında olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanata görə, ölkədə yaşayan İran vətəndaşları cəmiyyətin ayrılmaz hissəsidir və onların hüquqları tam şəkildə qorunur.

Qeyd olunub ki, BƏƏ-də 200-dən çox millətin nümayəndəsi yaşayır və bu, ölkənin tolerantlıq, birgəyaşayış və açıqlıq siyasətinin göstəricisidir. Nazirlik vurğulayıb ki, bu yanaşma dövlətin bütün sakinlərə qarşı sabit və bərabər münasibətinin əsasını təşkil edir.

Eyni zamanda bəyanatda bəzi media orqanlarında iranlı icmanın yaşayış şəraiti ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Nazirlik qeyd edib ki, ölkədə tətbiq olunan qanunvericilik və institusional yanaşma bütün vətəndaşların və rezidentlərin təhlükəsizliyini və rifahını təmin edir.

Sonda vurğulanıb ki, BƏƏ sabitlik, qanunun aliliyi və insan hüquqlarının qorunmasına əsaslanan mühiti qoruyub saxlamaqda davam edəcək.

Qiymət Mahir

tag: BƏƏ,XİN,İran,Qanun,TodayPress TV,