Barselonada körpəyə dünyanın ən kiçik kardiostimulyatoru yerləşdirildi

Dünya

05.03.2026 17:54

Barselonada həkimlər vaxtından əvvəl doğulan körpəyə uzunluğu cəmi təxminən iki santimetr olan dünyanın ən kiçik kardiostimulyatorunu implantasiya ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "20 Minutes" nəşri məlumat yayıb.

Məlumata görə, qız uşağı 2,1 kiloqram çəki ilə vaxtından əvvəl dünyaya gəlib və onda ağır ürək ritm pozuntusu aşkar olunub. Həkimlər hələ hamiləliyin ikinci trimestrində dölə tam atrioventrikulyar blokada diaqnozu qoyublar. Bu zaman ürəyin elektrik impulsları kameralar arasında normal ötürülmür.

Nəticədə körpədə bradikardiya — ürək döyüntülərinin təhlükəli dərəcədə zəifləməsi inkişaf edib və ürəyin ölçüsü xeyli böyüyüb.

Yanvarın sonunda dölün vəziyyəti pisləşdiyi üçün həkimlər erkən doğuş qərarı veriblər. Körpə 2 fevralda çox aşağı ürək ritmi və ürək çatışmazlığı riski ilə doğulub.

Doğuşdan dərhal sonra ona müvəqqəti kardiostimulyator yerləşdirilib. Lakin standart cihazların uzunluğu təxminən 6 santimetr olduğundan yeni doğulan uşaqlar üçün çox böyük hesab olunur və daxili orqanlara təzyiq və ya infeksiya riski yarada bilər.

Bu problemi həll etmək üçün San-Xuan-de-Deu xəstəxanasının mütəxəssisləri Abbott şirkəti ilə birlikdə körpələr üçün xüsusi mini kardiostimulyator hazırlayıblar. Uzunluğu təxminən 2 santimetr olan cihaz ürəyin kameralarının fəaliyyətini koordinasiya edə bilir və bu kateqoriyada dünyanın ən kiçik cihazı hesab olunur.

Əməliyyatda müxtəlif sahələr üzrə 16 mütəxəssis və tibbi avadanlıq mühəndisləri iştirak edib. Uşaq kardiologiyası şöbəsinin rəhbəri Corciya Sarkella-Bruqadanın sözlərinə görə, yeni kardiostimulyator körpənin vəziyyətinin sabitləşməsində əsas rol oynayıb.

Körpə 20 gün xəstəxanada müşahidə altında qaldıqdan sonra qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Qiymət Mahir

tag: Barselona,Həkim,Körpə,Xəstə,TodayPress TV,