Almaniya suriyalı qaçqınların deportasiyasına hazırlaşır

Dünya

04.11.2025 10:41

Almaniya hökuməti ölkədə qanuni əsas olmadan yaşayan suriyalı qaçqınların kütləvi şəkildə deportasiyasına hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "Handelsblatt" və "Tagesschau" nəşrləri məlumat yayıb.

Məlumata görə, Almaniya vətəndaş müharibəsinin başa çatması fonunda suriyalı qaçqınların vətənə qaytarılması məsələsini müzakirəyə çıxarıb. 

Kansler Fridrix Merts bildirib ki, hazırda miqrantların vətənə qaytarılması prosesinə başlamaq mümkündür.

O, hökumətin əsas məqsədinin qaçqınların əksəriyyətinin könüllü şəkildə geri dönməsi və Suriyanın bərpasında iştirak etməsi olduğunu vurğulayıb.

Berlin həmçinin infrastrukturun və humanitar sahələrin bərpasına dəstək göstərməyə hazır olduğunu da bəyan edib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Suriyaya səfəri zamanı qeyd edib ki, dağıntılar və çətin yaşayış şəraiti səbəbindən yaxın aylarda qaçqınların böyük qisminin geri dönməsi real görünmür. 

Merts əlavə edib ki, Almaniya sığınacaq və əmək miqrasiyası prosedurlarını ayırmaq niyyətindədir.

Onun sözlərinə görə, bəzi miqrantlar Almaniya əmək bazarına inteqrasiya oluna bilər. Bununla yanaşı, hökumət ölkədə qalmaq üçün hüquqi əsası olmayan və geri dönməkdən imtina edən şəxslərin deportasiyasını da nəzərdən keçirir.

Bu məsələ ilə bağlı koordinasiya və təminatların müzakirəsi üçün Almaniya Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı dəvət edib.

Aysel Mətləb

tag: Almaniya ,Fridrix Merts,Kansler,Suriya,Todaypress.tv,