Almaniya kansleri Trampa xəbərdarlıq etdi

Dünya

20.01.2026 16:13

Almaniya kansleri Fridrix Merts Qrenlandiya ətrafında yaranmış gərginlik fonunda ABŞ Prezidenti Donald Trampı rüsumlardan imtina etməyə çağıraraq bunun ilk növbədə amerikalı istehlakçılara mənfi təsir göstərəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Fridrix Merts qeyd edib ki, gömrük rüsumlarını adətən malların idxal edildiyi ölkələrin vətəndaşları ödəyir və bu halda xərclər amerikalı istehlakçıların üzərinə düşəcək. Onun sözlərinə görə, gömrük rüsumları ilə bağlı yeni təhdidlər transatlantik münasibətləri möhkəmləndirmir, əksinə, onları zəiflədir.

Almaniya kansleri əlavə edib ki, Avropa ölkələri arasında mövcud vəziyyətin qiymətləndirilməsi məsələsində “böyük birlik” mövcuddur. Bununla yanaşı, o etiraf edib ki, Avropa mallarına qarşı mümkün Amerika gömrük rüsumları istənilən halda Almaniya və Avropa İttifaqının (Aİ) iqtisadiyyatına zərər vuracaq.

Xatırladaq ki, Qrenlandiya ətrafında münaqişənin kəskinləşməsi fonunda yanvarın 22-də Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti keçiriləcək. Sammitdə Aİ liderlərinin Vaşinqtonun addımlarına mümkün cavab tədbirlərini və ticarət mübahisəsində atılacaq növbəti addımları müzakirə edəcəkləri gözlənilir.

Aysel Mətləb

TodayPress TV 

tag: Almaniya ,Merts ,Qrenlandiya,Tramp,Todaypress.tv,