Almaniya hərbi peyk şəbəkəsi yaratmağı planlaşdırır
Dünya
05.02.2026 01:00
Berlin kosmosda artan təhlükələr fonunda müdafiə qabiliyyətini gücləndirmək üçün “Satcom Stufe 4” adlı hərbi peyk şəbəkəsi yaratmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyinə müsahibəsində general Mixail Traut məlumat verib.
Onun sözlərinə görə, layihə 100-dən çox peykin yaradılmasını nəzərdə tutur və ümumi dəyəri 35 milyard avro olan genişmiqyaslı yenidən silahlanma proqramının tərkib hissəsidir.
Bildirilib ki, təşəbbüsün əsas məqsədi kosmosda Rusiyadan və Çindən artan təhdidlər şəraitində Almaniyanın müdafiə imkanlarını möhkəmləndirməkdir.
Mixail Traut qeyd edib ki, bu planlar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kosmosda rəqabətin və gərginliyin kəskin şəkildə artması ilə bağlıdır. O vurğulayıb ki, kosmos getdikcə potensial döyüş zonasına çevrilir.
O, eyni zamanda vurğulayıb ki, Almaniya orbitdə kosmik tullantı yarada biləcək hər hansı dağıdıcı silah yerləşdirməyi planlaşdırmır.
“DW” nəşrinin məlumatına əsasən, proqram çərçivəsində kəşfiyyat peyklərinə, kosmik uçan aparatlara və lazer silah sistemlərinə investisiyalar nəzərdə tutulur. Bu tədbirlər Almaniyanın kosmosda hərbi əməliyyatlar aparmaq imkanlarının genişləndirilməsinə xidmət edir.
Aysel Mətləb
tag: Almaniya,Peyk,Təhdid,Çin,Rusiya,Todaypress.tv,
