Ailənin maddi vəziyyəti deyil, valideyn sevgisi uşağın inkişafına təsir edir - ARAŞDIRMA
Ailənin maddi vəziyyəti azyaşlı uşaqların inkişafına birbaşa deyil, evdəki mühit, emosional yaxınlıq, valideynlərlə ünsiyyət və birgə oyunlar vasitəsilə təsir göstərir.
TodayPress TV xəbər verir ki, bu qənaətə Uhan Universitetinin psixoloqları 1-3 yaş arası 370 uşağın iştirakı ilə apardıqları araşdırmada gəliblər.
Alimlərin bildirdiyinə görə, emosiyaları idarə etmək və ətrafdakılarla münasibət qurmaq bacarıqlarının təməli həyatın ilk 1000 günündə formalaşır. Bu sahədə problemlər ABŞ və Avropada üç yaşadək uşaqların 4-24 faizində, Çində isə təxminən dörddə birində müşahidə olunur.
Azgəlirli ailələrdə böyüyən uşaqlar sosial-emosional bacarıqların inkişafında daha çox çətinlik yaşayırlar. Lakin indiyədək maddi vəziyyətin bu prosesə hansı mexanizmlə təsir etdiyi tam aydın deyildi.
Araşdırmada 12-36 aylıq uşaqlar və onların valideynləri iştirak ediblər. Alimlər ailələrin maddi vəziyyətini valideynlərin təhsil səviyyəsi və gəlirləri əsasında qiymətləndiriblər. Ev mühiti isə emosional yaxınlıq, inkişafetdirici məşğələlər, cəzalandırma və digər amillər nəzərə alınmaqla təhlil edilib. Uşaqların bacarıqları valideynlərin doldurduğu beynəlxalq ITSEA sorğusu vasitəsilə qiymətləndirilib.
Təhlillər göstərib ki, ailənin maddi imkanları ilə uşağın inkişafı arasında birbaşa əlaqə zəifdir. Bunun əksinə, evdəki mühitin təsiri daha güclüdür. Emosional baxımdan isti münasibətlərin olduğu, valideynlərin uşaqlarla çox danışdığı və inkişafetdirici oyunlar oynadığı ailələrin uşaqları həmyaşıdlarından daha yaxşı nəticələr göstəriblər.
Tədqiqatçılar ev mühitini nəzərə aldıqdan sonra ailə gəliri ilə uşağın inkişafı arasındakı əlaqənin tamamilə aradan qalxdığını müəyyən ediblər. Əsas amillər sırasında emosional yaxınlıq, ünsiyyət və digər insanlarla qarşılıqlı münasibət təcrübəsi yer alıb.
Araşdırmada, həmçinin uşaqların cəzalandırılması və onlara diqqət göstərilməməsinin inkişaf göstəricilərinin zəifləməsi ilə əlaqəli olduğu üzə çıxıb.
Tədqiqat müəlliflərindən Yu Lipinq vurğulayıb ki, xüsusilə aşağı gəlirli ailələrdə valideyn dəstəyi və sağlam, inkişafetdirici ev mühiti uşaqların erkən inkişafındakı bərabərsizliyi azalda bilər. Psixoloqun sözlərinə görə, gəlirdən fərqli olaraq, ev mühiti qısa müddətdə dəyişdirilməsi mümkün olan amildir.
Aysel Mətləb