üzvlük şərtlərini sərtləşdirə bilər

Dünya

06.03.2026 12:02

Avropa İttifaqı (Aİ) yeni üzv ölkələrin qəbul şərtlərini sərtləşdirməyi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası gələcəkdə birliyin daxilində mühüm qərarlara veto qoyan “yeni Macarıstanlar”ın yaranmasının qarşısını almaq üçün üzvlük mexanizmini dəyişdirməyi planlaşdırır.

Nəşr yazır ki, hazırda Avropa Komissiyası üçün əsas məqsəd Monteneqro və digər namizəd ölkələrin gələcəkdə “Macarıstan 2.0”a çevrilməsinin qarşısını almaqdır.

Bu məqsədlə Monteneqronun Aİ-yə qoşulması haqqında müqaviləyə “uzunmüddətli təminatlar” daxil edilməsi təklif olunur. Bu mexanizm ölkə demokratiya və hüququn aliliyi prinsiplərindən geri çəkilərsə, Aİ-yə reaksiya vermək imkanı verə bilər.

Diplomatların sözlərinə görə, müzakirə olunan ideyalardan biri əsas dəyərlərin pozulması halında yeni üzv ölkələrin veto hüququnun müvəqqəti dayandırılmasıdır. Həmçinin bu təminatların nə qədər müddət qüvvədə qalacağı da müzakirə olunur.

Bununla yanaşı, 4 martda Brüsseldə keçirilən şam yeməyində Avropa Komissiyasının namizəd ölkələrə məhdud səsvermə hüququ və imtiyazlarla sürətləndirilmiş üzvlük verilməsi təklifi diplomatik dairələr tərəfindən qəti şəkildə rədd edilib.

Qeyd edək ki, Macarıstan son aylarda Avropa İttifaqında bir sıra qərarları bloklayıb. Yanvarın sonunda Ukrayna “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitini dayandırdıqdan sonra Budapeşt Ukraynaya 90 milyard avro kredit ayrılması və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunu veto edib.

Qiymət Mahir

TodayPress TV

tag: Aİ,Üzvlük,Şərt,Qərar,Todaypress.tv,