Aİ: Türkiyənin təşkilata üzvlük məsələsi gündəmdə deyil
Dünya
06.02.2026 10:48
"Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların bərpası hazırda Birliyin gündəliyində yoxdur".
TodayPress TV xəbər verir ki, bu fikirləri Avropa Birliyinin genişlənmə üzrə komissarı Marta Kos bildirib.
Kos Ankaraya səfəri ərəfəsində “Politico” qəzetinə deyib ki, səfərin məqsədi Türkiyə ilə etimadı bərpa etmək və iqtisadi münasibətləri daha faydalı etmək yollarını müzakirə etməkdir. Onun sözlərinə görə, Aİ Türkiyə ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir, lakin üzvlük danışıqlarının bərpası planlaşdırılmır.
Avropa komissarı vurğulayıb ki, əsas hədəf Türkiyə ilə güclü tərəfdaşlıq qurmaqdır. O qeyd edib ki, Ukraynadakı müharibədən sonra, xüsusilə Qara dəniz bölgəsində, Türkiyənin Brüssel üçün əhəmiyyəti daha da artacaq.
Bundan əlavə, Avropa Komissiyası Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqazı əhatə edən regionlararası əməkdaşlıqla bağlı yeni tədqiqat təqdim etməyi planlaşdırır. Tədqiqatda nəqliyyat və ticarət dəhlizlərinin inkişafı üçün investisiya imkanları yer alacaq.
Qeyd edək ki, Yunanıstan və Kipr Türkiyənin müəyyən güzəştlərə getmədən Aİ ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxırlar.
Türkan İsgəndərli
tag: Türkiyə,Aİ,Marta Kos,Üzvlük,Todaypress.tv,
