Aİ ölkələrinin əksəriyyəti MERCOSUR ilə ticarət müqaviləsini dəstəkləyir

Dünya

09.01.2026 17:25

Avropalı fermerlərin günlərlə davam edən etirazlarına baxmayaraq, Brüsseldə keçirilən görüşdə əksər Avropa Birliyi ölkələrinin nümayəndələri Cənubi Amerika ölkələrinin ümumi bazarı olan MERCOSUR ilə azad ticarət sazişinin bağlanmasını dəstəkləyiblər. 

TodayPress TV xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Bildirilib ki, bu səsvermədə İtaliyanın dəstəyi həlledici olub və onun sayəsində sövdələşmə tərəfdarları səs çoxluğuna nail ola biliblər.

Məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyətinin dəstəyini alan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen yanvarın 11-də sazişin imzalanmasının planlaşdırıldığı Paraqvaya yola düşəcək.

Qeyd edək ki, MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvay tərəfindən təsis edilmiş Cənubi Amerikanın ən böyük ticarət və iqtisadi blokudur. Onların ümumi ərazisi Cənubi Amerikanın quru ərazisinin 70%-dən çoxunu təşkil edir və əhalisi 295 milyondur. 

Aysel Mətləb

TodayPress TV

tag: MERCOSUR,Aİ,Müqavilə,Razılaşma,Todaypress.tv,