Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi açıqlandı
Dünya
06.02.2026 20:50
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketini elan edib və üzv ölkələri bu məhdudiyyətləri dərhal təsdiqləməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Ursula fon der Lyayenin açıqlamasına görə, yeni paket çərçivəsində Rusiya neftinin dəniz yolu ilə daşınmasına xidmətlərin göstərilməsinə tam qadağa qoyulması planlaşdırılır. O bildirib ki, neft daşımaları qlobal biznesdir və bu qadağanın icrası G7 ölkələri, xüsusilə də Böyük Britaniya və ABŞ ilə koordinasiya şəklində həyata keçirilməlidir.
Qeyd olunub ki, sanksiya siyahısına daha 43 neft tankeri əlavə ediləcək və bununla da məhdudiyyətlərə məruz qalan tankerlərin ümumi sayı 640-a çatdırılacaq.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da təsdiqləyib ki, neft daşımalarına xidmət qadağası Rusiya nefti üçün tətbiq edilən qiymət tavanının əvəzlənməsi məqsədi daşıyır. Onun sözlərinə görə, qara siyahıya Rusiya və xarici enerji şirkətləri, tanker operatorları və liman terminallarını idarə edən qurumlar da daxil ediləcək.
Bundan əlavə, Avropa Komissiyası Rusiyaya məxsus buzqıran gəmilərə və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlərə xidmət göstərilməsini də qadağan etməyi təklif edib.
20-ci sanksiya paketi çərçivəsində daha 20 regional Rusiya bankının qara siyahıya salınması, kriptovalyuta operatorlarına və ticarət platformalarına qarşı yeni məhdudiyyətlərin tətbiqi, eləcə də Rusiyanın maliyyə sanksiyalarından yayınmaq üçün yaratdığı alternativ ödəniş sistemlərinin hədəfə alınması nəzərdə tutulur.
Eyni zamanda, Aİ ölkələrinin Rusiyaya illik dəyəri 360 milyon avro olan malların ixracının, eləcə də Rusiyadan 570 milyon avro dəyərində metal, kimyəvi maddələr və nadir torpaq elementlərinin idxalının qadağan edilməsi planlaşdırılır.
Avropa İttifaqı, həmçinin bu məhsulların Rusiyaya yenidən ixracı riski yüksək olan ölkələrə elektronika və rabitə vasitələrinin tədarükünü də məhdudlaşdırmaq niyyətindədir.
Bildirilib ki, sanksiyalar Aİ Şurası tərəfindən razılaşdırıldıqdan və İttifaqın rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. Ursula fon der Lyayen üzv ölkələri sanksiyaları “ildırım sürətilə” təsdiqləməyə çağırıb və məqsədin fevralın 24-dək – Ukraynada müharibənin başlamasının dördüncü ildönümünə qədər 20-ci paketi qəbul etmək olduğunu bildirib.
Aysel Mətləb
tag: Aİ,Rusiya,Sanksiya,Açıqlandı,Todaypress.tv,
