ABŞ və İran arasında qarşılıqlı zərbələr - Gecə nələr baş verdi?

ABŞ və İran arasında qarşılıqlı zərbələr - Gecə nələr baş verdi?
18.11.2026 08:24 Dünya

Yaxın Şərqdə hərbi gərginlik yenidən artıb. ABŞ və İran arasında qarşılıqlı zərbələr endirilib, Fars körfəzi ölkələrində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıqlar verilib.

TodayPress TV xəbər verir ki, noyabrın 17-dən 18-nə keçən gecə regionda bir sıra hərbi hadisələr qeydə alınıb.

ABŞ hərbi aviasiyası İranın Hörmüz boğazında yerləşən Qeşm adasında SEPAH-a məxsus raket buraxılış məntəqəsinə zərbə endirib. ABŞ rəsmisi hücumun Amerika hərbçilərinə və hərbi obyektlərinə qarşı təhdidlərə cavab olaraq həyata keçirildiyini bildirib. İran rəsmiləri isə zərbələr nəticəsində yaşayış, kommersiya və infrastruktur obyektlərinə ziyan dəymədiyini açıqlayıblar.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndəki Şeyx İsa aviabazasında yerləşən ABŞ hərbi radar sisteminə dron hücumu həyata keçirdiyini bəyan edib. Bəhreyn və ABŞ tərəfi hücumun qarşısının alındığını, itki və dağıntı olmadığını bildirib.

Gecə saatlarında Bəhreyndə iki dəfə mümkün hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib. Ölkənin Daxili İşlər Nazirliyi sakinləri təhlükəsiz ərazilərə keçməyə çağırıb. Daha sonra təhlükənin sovuşduğu açıqlanıb.

Küveyt ordusu da ölkənin hava hücumundan müdafiə sistemlərinin naməlum mənşəli dron hücumlarına qarşı fəaliyyət göstərdiyini bildirib. Hərbçilər eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğunu açıqlayıblar.

Bütün bunlar İran və ABŞ arasında gərginliyin diplomatik təmaslara baxmayaraq davam etdiyini göstərir.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər