ABŞ təşkilatından çağırış: İsrailə təzyiq artırılsın
ABŞ-nin insan haqları təşkilatı Ərəb Dünyasında Demokratiya İndi (DAWN) Vaşinqtonu İsrailə təzyiqi artırmağa çağırıb.
TodayPress TV xəbər verir ki, təşkilatın fikrincə, bu yolla İran, Livan və digər bölgələrdə hərbi əməliyyatların dayandırılmasına nail olmaq mümkündür.
DAWN-ın icraçı direktoru Ömər Şakir bildirib ki, ABŞ yalnız narazılıq bəyanatları verməklə kifayətlənməməli, silah tədarükü və kəşfiyyat məlumatlarının paylaşılması kimi təsir rıçaqlarından istifadə etməlidir.
Bəyanat ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında fikir ayrılıqları barədə yayılan xəbərlər fonunda səsləndirilib.
Şakir həmçinin iddia edib ki, İsrailin Beyruta hücumları ABŞ və İran arasında formalaşmağa başlayan mümkün razılaşmaya mane olmaq məqsədi daşıyıb. Bu iddia ilə bağlı rəsmi təsdiq təqdim olunmayıb.
Türkan İsgəndərli