ABŞ-də təxirə salınan uçuşların sayı 5 mini keçdi
Dünya
28.12.2025 08:49
ABŞ-nin şimal-şərqinə yağan qar səbəbindən 5 mindən çox aviareys gecikib.
TodayPress TV xəbər verir ki, bu məlumatlar ixtisaslaşmış "FlightAware" portalı tərəfindən təqdim olunub.
Məlumata görə, şənbə günü 5 588 reysin sərnişinləri gecikmələrlə üzləşib, daha 862 reys isə ləğv olunub.
Bu həftə ABŞ-nin şimal-şərqində güclü qar yağışı müşahidə olunur. "ABC News" telekanalının bildirdiyinə görə, cümə günü Nyu-York ştatında 15 sm-ə qədər qar yağıb. Yerli hakimiyyət orqanları zərurət olmadıqca səfərlərdən çəkinməyi tövsiyə edib.
Nyu-Yorkdakı Con Kennedi və La-Quardiya hava limanları sosial şəbəkələrdə əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlar yayıblar. Nyu-Cersi ştatındakı Nyuark Hava Limanının rəhbərliyi isə sərnişinlərə aeroporta çatmaq və yoxlamalardan keçmək üçün daha çox vaxt ayırmağı tövsiyə edib.
Güclü qar yağışı və yollarda buzlanma təhlükəsi Kannektikut, Rod-Aylend və Pensilvaniya ştatlarını da əhatə edib.
tag: ABŞ,Qar, Uçuş,Nyu-York,La-Quardiya, todaypress.tv,
