ABŞ-də aviasiya böhranı dərinləşir: Demokratlar Tramp administrasiyasını sıxışdırır
ABŞ Senatındakı demokratlar ölkə üzrə uçuşların bir müddət dayandırılmasına nəyin səbəb olduğu və bundan sonra hansı tədbirlərin görüləcəyi ilə bağlı Tramp administrasiyasından daha dəqiq açıqlama gözlədiklərini bildiriblər.
TodayPress TV xəbər verir ki, ABŞ Nəqliyyat naziri Şon Daffiyə birgə məktub göndərən demokrat senatorlar ölkənin hava hərəkətinə nəzarət sistemi ilə bağlı ictimaiyyətin konkret məlumatlarla məlumatlandırılmasının vacibliyinə diqqət çəkiblər.
Senatorlar məktubda qeyd ediblər:
“Nasazlıq yaranan cihazın müəyyən edilməsi onun niyə sıradan çıxdığını izah etmir. FAA (ABŞ Federal Aviasiya Administrasiyası) əsas səbəbi müəyyənləşdirmək üçün daha geniş araşdırma aparmalı və gələcəkdə oxşar problemlərin qarşısını necə almağı planlaşdırdığı barədə Konqresə hesabat verməlidir”.
Demokrat senatorlar oxşar böhranların yenidən yaşanmaması üçün nazirliyin və administrasiyanın görəcəyi tədbirlərdə Konqresin daha fəal rol oynamalı olduğunu vurğulayıblar.
Xatırladaq ki, ABŞ Federal Aviasiya Administrasiyası noyabrın 13-də hava hərəkətinə nəzarət mərkəzlərinə təsir edən rabitə problemi səbəbindən ölkə üzrə bütün hava limanlarında uçuşları dayandırmaq qərarı vermişdi.
Aysel Mətləb