ABŞ Çinə yeni qadağa qoyur: Smartfon və kompüterlərə də təsir edəcək
Çin ABŞ-nin elektron cihazların Çin laboratoriyalarında sınaqdan keçirilməsinə qoyduğu qadağaya etiraz edib.
TodayPress TV xəbər verir ki, Çinin Ticarət Nazirliyi ABŞ Federal Rabitə Komissiyasının (FCC) bu qərarına qarşı çıxaraq Vaşinqtonu məhdudiyyətləri ləğv etməyə və fikir ayrılıqlarını məsləhətləşmələr yolu ilə həll etməyə çağırıb.
Məhdudiyyətlər 2028-ci il dekabrın 1-dən qüvvəyə minəcək. Qərar smartfonlar, kompüterlər və şəbəkə avadanlıqları da daxil olmaqla, ABŞ bazarı üçün nəzərdə tutulan elektron cihazlara şamil olunacaq.
Yeni qaydalara əsasən, həmin məhsullar ABŞ-də və ya Vaşinqtonun tərəfdaşlıq etdiyi 60 ölkədə akkreditə olunmuş laboratoriyalarda sınaqdan keçirilməli olacaq.
Çinin Ticarət Nazirliyinin bəyanatında bildirilib ki, sınaqların başqa ölkələrə köçürülməsi şirkətlərin xərclərini artıracaq, məhsulların bazara çıxarılmasını ləngidəcək və nəticədə ABŞ istehlakçılarına mənfi təsir göstərəcək.
Kübra Musayeva