Polşa səfirləri ard-arda istefa verir - Növbə BMT-nindir
Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şçerski səlahiyyət müddətinin vaxtından əvvəl başa çatdırılmasını xahiş edib və müraciəti təmin olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Veviur məlumat verib.
“Səfir Kşiştof Şçerski xarici işlər naziri Radoslav Sikorskiyə BMT-dəki diplomatik missiyasının müddətinin qısaldılması xahişi ilə müraciət edib. Nazir Sikorski bu xahişi təmin edib. Səfir Şçerski missiyasını artıq bu ay başa çatdıracaq”, – deyə Veviur bildirib.
Şçerski hələlik sosial şəbəkə hesablarında və ictimai çıxışlarında bu qərarının səbəbləri barədə məlumat verməyib.
Qeyd edək ki, oktyabrın 31-də Polşanın Çin və Rumıniyadakı səfirləri Konstitusiya Məhkəməsi ətrafında baş verən münaqişədə hökumətin hərəkətləri ilə razılaşmadıqlarını əsas gətirərək vəzifələrində fəaliyyətlərini davam etdirməkdən imtina etdiklərini bildiriblər.
Aysel Mətləb