ABŞ bir sıra ölkələrə ticarət araşdırması başladı
Dünya
13.03.2026 10:14
Vaşinqton administrasiyası məcburi əməkdən istifadə edilərək istehsal olunan malların idxalı ilə bağlı qaydalar üzrə bir sıra ölkələrə qarşı ticarət araşdırmalarına başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, bəzi ölkələr məcburi əməkdən istifadə ilə istehsal olunan malların idxalını qadağan etməmiş və ya bu qadağanı effektiv tətbiq etməmiş ola bilər. ABŞ isə bunun Amerika ticarətinə mənfi təsir göstərib-göstərmədiyini araşdırmaq niyyətindədir.
Açıqlamada qeyd olunub ki, ABŞ-də belə malların idxalına qadağa tətbiq edilir və araşdırmalar başlamazdan əvvəl müvafiq ölkələrlə məsləhətləşmələr aparılacaq.
Araşdırmalar 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi əsasında başladılıb. Bu maddə ABŞ prezidentinə digər ölkələrin ticarət məhdudiyyətlərinə qarşı tədbirlər görmək səlahiyyəti verir.
Yoxlamaya məruz qala biləcək ölkələr arasında Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika, Cənubi Koreya və Yaponiya var. Siyahıda həmçinin Avropa İttifaqı da yer alır.
Türkan İsgəndərli
tag: ABŞ,Ticarət,Araşdırma,İstehsal,Todaypress.tv,
