"17 noyabr" şayiələrinin necə yayıldığı bəlli oldu - DETALLAR
Noyabrın 17-dən etibarən dünyada üç ay müddətinə elektrik enerjisi və internetin kəsiləcəyi ilə bağlı yayılan şayiələrin mənşəyi məlum olub.
TodayPress TV xəbər verir ki, şəhər əfsanələrini araşdıran “Snopes” saytı bu barədə məlumat yayıb.
“Qlobal kəsinti” ilə bağlı sui-qəsd nəzəriyyəsi sentyabrın 16-da, noyabrın 17-də ABŞ-də Fövqəladə Hallar Xəbərdarlıq Sisteminin (EAS) sınaqdan keçiriləcəyinin elan olunmasından sonra ortaya çıxıb. Təxminən eyni vaxtda Avropa İttifaqı (Aİ) böhran vəziyyətində istifadə etmək üçün vətəndaşlara 72 saatlıq ərzaq və dərman ehtiyatı saxlamağı tövsiyə edib.
Bundan əlavə, “Simpsonlar” cizgi serialının bəzi izləyiciləri 2023-cü ildə yayımlanan “It's a Blunderful Life” adlı bölümə diqqət çəkiblər. Həmin bölümdə noyabrın 17-də böyük elektrik kəsintisinin baş verəcəyi bildirilsə də, il qeyd olunmayıb. Sui-qəsd nəzəriyyəsinin tərəfdarları cizgi filmindəki səhnə ilə guya yaxınlaşan fəlakətin real tarixi arasında dəqiq uyğunluq olduğunu iddia ediblər.
“Snopes”un yazdığına görə, noyabr ayında “Microsoft” tətbiqlərində yaranan nasazlıqlar, eləcə də kommunikasiya xətlərində təmir işləri səbəbindən ABŞ-də 15 min aviareysin təxirə salınması və ya ləğv edilməsi bu şayiələrin daha geniş yayılmasına səbəb olub.
Nəticədə internetdə noyabrın 17-dən etibarən bütün dünyada elektrik enerjisinin və internetin üç ay müddətinə kəsiləcəyi, bunun isə planetdə xaosa səbəb olacağı barədə məlumatlar yayılmağa başlayıb.
Lakin “Snopes”un araşdırması göstərib ki, panikaya səbəb olan şayiələrin yayılmasına bir sıra təsadüflər və yanlışlıqlar gətirib çıxarıb.
Aysel Mətləb