Entoni Devisin tələbi klubları çətin seçim qarşısında qoyub
NBA-nın “Vaşinqton Vizards” klubunun basketbolçusu Entoni Devis yeni müqavilə ilə bağlı yüksək maliyyə tələbləri irəli sürüb.
TodayPress TV xəbər verir ki, “ESPN” insayderi Brayan Uindhorst 33 yaşlı amerikalı basketbolçunun müqavilə gözləntiləri barədə məlumat yayıb.
Bildirilib ki, NBA klubları Devisə maksimum məbləğdə yeni müqavilə təklif etməkdə maraqlı deyil. Bununla belə, basketbolçunun yüksək məvacib əldə etmək istədiyi bildirilir.
“ESPN”in məlumatına əsasən, Devis bir sıra NBA klublarının diqqət mərkəzində olsa da, onun maliyyə tələbləri potensial alıcıları tərəddüdə salır. Bəzi komandalar basketbolçuya üçillik 120 milyon dollarlıq müqavilə təklif etməyi nəzərdən keçirir. Lakin Devisin tərəfinin mövsüm başına 50 milyon dollardan artıq maaş gözlədiyi bildirilir.
Qeyd edək ki, avqustun 6-dan etibarən Devis maksimum dördillik, 275 milyon dollarlıq müqavilə uzatması imzalamaq hüququna malikdir. Hazırkı müqaviləsinə əsasən, basketbolçu 2026/2027-ci illər mövsümündə təxminən 58,5 milyon dollar qazanacaq. Növbəti mövsüm üçün isə 62,8 milyon dollarlıq oyunçu seçimi mövcuddur.
Daha əvvəl “Vaşinqton” rəhbərliyinin müqavilənin uzadılması və ya mümkün mübadilə ilə bağlı qərar verməzdən əvvəl Devisin mövsümün ilk 20-30 oyunundakı çıxışını qiymətləndirmək niyyətində olduğu bildirilib.
Namiq HUN