Təhsil Nazirliyi və DİM birləşdirilir? - İDDİA

Təhsil Nazirliyi və DİM birləşdirilir? - İDDİA
19.11.2026 10:15 Elm və Təhsil

Dövlət idarəetməsində aparılan struktur və kadr islahatları fonunda təhsil sistemində növbəti mühüm dəyişikliklərin baş verəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Səhiyyə sistemində TƏBİB və Səhiyyə Nazirliyi ətrafında gedən proseslərin ardınca, oxşar idarəetmə modelinin təhsil sektoruna da tətbiq olunacağı ehtimal edilir.

Bu gün Prezidentin sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilməsi bu müzakirələri daha da aktuallaşdırıb. İctimai rəydə və bəzi təhlilçilərin şərhlərində bu təyinat təhsil sahəsində daha genişmiqyaslı struktur islahatlarının tərkib hissəsi kimi qiymətləndirilir.

Səsləndirilən iddialara görə, idarəetmənin mərkəzləşdirilməsi və qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) birləşdirilməsi gündəmdə ola bilər. Qeyd olunur ki, DİM rəhbərinin ölkənin aparıcı ali təhsil müəssisəsinə rəhbər təyin olunması qurumun gələcək statusu ilə bağlı yeni suallar doğurur.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyi ilə DİM-in birləşdirilməsi barədə rəsmi dövlət qurumları tərəfindən hələlik heç bir məlumat və ya sərəncam açıqlanmayıb. Bir sıra təhsil ekspertləri isə imtahan və qiymətləndirmə sisteminin müstəqilliyinin qorunmasının vacibliyini önə çəkərək, DİM-in ayrıca qurum kimi fəaliyyətini davam etdirəcəyini ehtimal edirlər.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər