Bakı Dövlət Universitetinin ilk qadın rektoru kimdir? - DOSYE

Bakı Dövlət Universitetinin ilk qadın rektoru kimdir? - DOSYE
19.11.2026 10:19 Elm və Təhsil

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunan Məleykə Mehdi qızı Abbaszadə ölkənin aparıcı ali təhsil ocağına rəhbərlik edəcək ilk qadın kimi tarixə düşüb.

Uzun illər ölkədə imtahan və qəbul sisteminə rəhbərlik etmiş tanınmış elm və təhsil xadiminin zəngin həyat və fəaliyyət yoluna nəzər salaq.

TodayPress TV xatırladır ki, Məleykə Abbaszadə 23 fevral 1953-cü ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə paytaxtda orta məktəbi bitirdikdən sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin yenicə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub və 1975-ci ildə ali təhsilini başa vurub. Elmi fəaliyyətini davam etdirən M.Abbaszadə 1988-ci ildə Kiyevdə Ukrayna Elmlər Akademiyasının V.M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş laborant kimi başlayan Məleykə Abbaszadə 1987-ci ilə qədər burada elmi işçi kimi çalışıb, eyni zamanda 1975–1977-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində tədqiqatçı-stajor olub. Daha sonra Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda şöbə müdiri (1987–1989), M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi (1989–1990) və Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini (1990–1994) vəzifələrində fəaliyyət göstərib.

Onun dövlət idarəçiliyindəki əsas mərhələsi 1994-cü ildən başlayıb. Həmin ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini olan M.Abbaszadə 2000-ci ildə komissiyanın sədri təyin edilib və 16 il bu quruma rəhbərlik edib. Bu dövrdə ölkədə qəbul imtahanlarının müasir standartlara uyğun təşkili, informasiya texnologiyalarının tətbiqi və "Abituriyent" jurnalının nəşri kimi mühüm istiqamətlərdə işlər görülüb.

2016-cı ildə TQDK-nın bazasında yaradılan Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri təyin edilən Məleykə Abbaszadə son 10 il ərzində dövlət qulluğuna qəbul, buraxılış və qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada idarə olunmasına rəhbərlik edib. 19 noyabr 2026-cı il tarixində isə o, bu vəzifədən azad edilərək Bakı Dövlət Universitetinin rektoru postuna gətirilib.

60-dək elmi məqalənin və ali məktəblər üçün iki dərs vəsaitinin müəllifi olan Məleykə Abbaszadə ictimai layihələrdə də fəal iştirak edib, 2019-cu ildən "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür.

Evlilikdən əvvəlki soyadı Mustafayeva olan M.Abbaszadə Xalq yazıçısı Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə ailə həyatı qurub (sonradan boşanıblar). Onun iki qızı və beş nəvəsi var.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər