Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək?

Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək?
05.08.2026 14:30 Cəmiyyət

Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində təpəlik ərazidən qopan torpaq kütləsi yol kənarında park edilmiş bir neçə avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə müxtəlif dərəcəli ziyan dəyib.

Bəs belə hallarda avtomobillərə dəyən zərər sığorta tərəfindən qarşılanırmı?

Məsələ ilə bağlı sığorta eksperti Şahin İsmayılov TodayPress TV-yə bildirib ki, bu cür təbii hadisələr zamanı dəyən ziyanın ödənilməsi avtomobil sahibinin hansı sığorta növünə malik olmasından asılıdır.


"Əgər avtomobil könüllü kasko sığortası ilə sığortalanıbsa və müqavilənin şərtlərinə əsasən bu cür risklər təminata daxildirsə, avtomobil sahibinə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir".

Onun sözlərinə görə, yalnız icbari avtomobil sığortası olan nəqliyyat vasitələri bu cür hallarda təminat almır.

"İcbari avtomobil sığortası təbii fəlakətlər və ya torpaq sürüşməsi nəticəsində avtomobilə dəyən ziyanı əhatə etmir. Bu səbəbdən kasko sığortası olmayan avtomobil sahibləri dəymiş zərəri öz vəsaitləri hesabına aradan qaldırmalı olurlar", – deyə Şahin İsmayılov vurğulayıb.

Ekspert əlavə edib ki, avtomobil sahibləri kasko sığortası bağlayarkən müqavilənin şərtlərinə diqqət yetirməli, təbii fəlakətlər, torpaq sürüşməsi, sel və digər risklərin təminata daxil olub-olmadığını əvvəlcədən dəqiqləşdirməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər