Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Paytaxtda Həsən Əliyev küçəsi - metronun "Koroğlu" stansiyası istiqamətində yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
AYNA sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə əməl etməyi tövsiyə edib.