Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar

Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
24.07.2026 16:21 Cəmiyyət

Əhəd Abıyev – bu ad-soyad Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Uzun illər deputat kimi fəaliyyət göstərib, Milli Məclisdə qalmaqallı çıxışları ilə gündəm yaradıb. Siyasi ritorikaya, deputatın ütülü davranışına uyğun olmayan bəyanatları ilə tez-tez qalmaqal mərkəzinə düşüb. Jurnalistlərə verdiyi özəl açıqlamaları ilə günlərlə mətbuatın manşetini “bəzəyib”.

TodayPress TV Globalinfo.az-a istinadən keçmiş deputat, sabiq icra başçısı Əhəd Abıyev haqda maraqlı məlumatları təqdim edir.

Kərimlini MM-dən qovdu

Onun parlamentdə gözlənilməz çıxışları ciddi qalmaqallara səbəb olub. 2003-cü ilin aprel ayında AXCP sədri Əli Kərimli ilə Milli Məclisin iclas zalındakı məlum “söz dueli” hələ də yaddaşlardan və sosial şəbəkələrin səhifələrindən silinməyib. O, Ə.Kərimlini ağır ifadələrlə təhqir edərək, onu prezident olmaq istəməkdə qınamışdı. Abıyev Kərimlini cinsi azlıq nümayəndəsi adlandırıb, “bir “qloboy” prezidentimiz çatmırdı” deyərək, aşağılamışdı. Ə.Kərimli onun bu sözlərinə kəskin reaksiya verərək, deputat həmkarını təhdid etmişdi. Ə.Kərimli bu qalmaqaldan sonra Milli Məclisin heç bir iclasına qatılmadı. Ə.Abıyevin ondan üzr istəməsini tələb etdi. Onun bu tələbi icra olunmadı. Əhəd Abıyev sonralar deyirdi ki, müxalifətin ayağını Milli Məclisdən o kəsib…

“Globalinfo” xatırladır ki, bundan əvvəl də Ə.Abıyev bir çox skandallara imza atıb. Onların bir neçəsi haqda aşağıda bəhs edəcəyik. Hələlik isə Ə.Abıyevin dosyesindən bir neçə fraqmenti təqdim edirik:

Əhəd Abıyev 5 yanvar 1958-ci ildə Masallı rayonunda anadan olub. Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlayıb. 1977–1979-cu illərdə hərbi xidmətdə olub.

1979-80-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə “Azərittifaq” Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır.


1995, 2000 və 2005-ci illərdə Milli Məclis üzvü olub. O, bir vaxtlar Vikipediya məlumatlarında milliyyətini kürd yazdırmışdı. Amma sonradan bu məlumat silindi. Şəxsi söhbətlərdə də Əhəd Abıyev milliyyətcə kürd olduğunu deyirdi. 2007-ci ildə qəzetlərə verdiyi müsahibədə kürd mövzusunda dedikləri böyük qalmaqal yaratmışdı. O, sonradan bu sözünü dandı, fikrinin təhrif edildiyini söylədi, amma jurnalist onun səs yazısının olduğunu dedi. Hətta bu səs yazısını MM-də onun özünə dinlətdirmişdi.

Əhəd Abıyevin milliyyətcə talış olduğu deyilir. Onun ailəsinin Lerik rayonundan Masallıya köçdüyü bildirilir.

Narkomafiyaya savaş açdı

Əhəd Abıyevi ictimaiyyət deputatlığının ilk illərindən tanımağa başladı. Parlament iclaslarında Masallıda narkotik mafiyasının olduğu haqda vaxtaşırı çıxışlar edirdi. Bu çıxışlar mətbuatın diqqətini çəkirdi, onu populyarlaşdırırdı. O, müxalifətin ünvanına da hər fürsətdə ağır fikirlər səsləndirməkdən çəkinməyib.

Müsavatla gizli danışıqlar?

Amma maraqlıdır ki, onun adı 1996-cı ildə Müsavat Partiyasına üzv olmaq istəyi ətrafında hallandı. O vaxt qəzetlər yazırdı ki, Əhəd Abıyev Müsavat funksionerlərindən birinin vasitəsilə partiya rəhbərliyi ilə gizli görüşüb, danışıqlar aparıb. Sonradan onun bu planı yarımçıq qalıb. Dövrün mətbuatı yazırdı ki, məsələ Milli Məclis rəhbərliyinə çatdıqdan sonra Abıyevin müxalifətçilik arzusu reallaşmayıb.

Ramiz Mehdiyevi erməni elan etdi

Əhəd Abıyevin ən qalmaqallı açıqlamalarından biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqda olub. O, 2010-cu ilin parlament seçkilərində Masallıda keçirdiyi görüşlərdə davamlı şəkildə R.Mehdiyevi ağır sözlərlə təhqir edirdi. Onu rüşvətxorluqda, ermənilərlə qohumluq əlaqələrində suçlayırdı. Mətbuat yazırdı ki, Ramiz Mehdiyev bu çıxışlarına görə Əhəd Abıyevin həmin dövrdə deputat olmasına imkan verməyib. O, bunu sonralar özü də jurnalistlərə açıqlamasında etiraf etmişdi.


Nazirlə yumruq davası?

Əhəd Abıyevin keçmiş səhiyyə naziri Əli İnsanovla da münasibəti gərgin olub. Parlament tribunasından Ə.İnsanov haqda ağır ittihamlar səsləndirib. Yenə də iddialara görə, 2000-ci illərin əvvəlində o, Əli İnsanovla əlbəyaxa davaya çıxıb. İndiki Heydər Əliyev Sarayında keçirilən rəsmi tədbirdən əvvəl Əli İnsanov Əhəd Abıyevdən barəsində səsləndirdiyi ittihamlardan əl çəkməsini tələb edib. Mübahisə qızışıb, nəticədə Əhəd Abıyev Əli İnsanovu yumruqla vurub. Deyilənə görə, zərbənin təsirindən nazirin protezi ağzından düşüb.

Vəziyyət o qədər gərgin olub ki, Əhəd Abıyevi hadisə yerindən yüksək vəzifəli məmurlardan birinin xidməti maşınında mühafizənin müşayiəti ilə uzaqlaşdırıblar.

Deputat olmadı, başçı təyin edildi

O, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 12 il bu vəzifədə çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2023-cü ilin 17 iyul tarixində Prezidentin sərəncamı ilə vəzifədən azad edilib.

Boksçu icra başçısı

Əhəd Abıyev icra başçısı olduğu dövrdə də qeyri-adi hərəkətləri, gözlənilməz bəyanatları ilə diqqət mərkəzində olub. O, rayonda keçirilən tədbirlərdə boks rinqi düzəldərək, idmançılarla yarışmasını imitasiya edirdi. Bu yöndə ən yaddaqalan hərəkəti isə üzərində Kolumbiya bayrağı əks olunan lövhəni Ermənistan bayrağı kimi təqdim edib, sındırmasıdır.

Son günlər Əhəd Abıyev milyonluq əmlaklarının siyahısı ilə gündəmə gəlib. Özü isə mediaya açıqlama verərək haqqında deyilənləri təkzib edib.

TodayPress TV

FOTOLAR

Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar — 1
XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər