Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil”

Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil”
07.08.2026 15:34 Cəmiyyət

Deputat Fazil Mustafa son günlər sosial şəbəkələrdə müzakirə olunan fikirlərinə münasibət bildirərək, yazılarında Şah İsmayılın adını ümumiyyətlə çəkmədiyini, sadəcə Azərbaycan tarixinin müxtəlif dövrlərində formalaşmış düşüncə və ideologiyaların publisistik şəkildə təhlil edildiyini deyib.

TodayPress TV xəbər verir ki, o, buna baxmayaraq, mövzunun qəsdən fərdiləşdirildiyini düşünür.

Deputatın sözlərinə görə, məsələ ətrafında müxtəlif çevrələr emosional yanaşma nümayiş etdirirlər:

"Baxıram siyasətçisindən, jurnalistindən, ictimai şəxslərdən tutmuş sıradan insanlara qədər hamısı xorla "Şah babam" deyə haray çəkir, veriliş düzənləyir, ağıl öyrədir, təhqir edir. Oradan da bir İran generalı haray çəkir ki, "Sizin deyil, bizim Şah babamızdır. Çünki onun ideallarını yaşadan bizik"".

Fazil Mustafa bu polemikanın tərəfi olmadığını vurğulayaraq əlavə edib:

"İndi buyurub bir-birinizlə razborkanızı davam etdirin, qaranlıq keçmişin mirasına birlikdə barış içində sahib çıxın. Bu da sizin haqqınızdır, sizə inananların haqqıdır. Mən sadəcə inancla deyil, ağılla mühakimə edən soydaşlarıma üz tutub deyirəm ki, şəhadət gətirirəm ki, millətimizin ən şərəfli tarixi milli dövlət qurduğumuz tarixdir – Azərbaycan Xalq Cümhuriyyətidir. Bizdən də sayı çox olan, sizdən daha artıq şahsevən olan 30 milyondan artıq soydaşımız məhz bu ideoloji zəmindən qopa bilmədiyinə görə müstəqilliyin nemətini dada bilməmişlər".

Millət vəkili müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasları barədə də fikirlərini bölüşərək vurğulayıb:

"Yenə də mən deyirəm: Milli, müstəqil, dünyəvi dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadədir. Onu da bütləşdirmədən, mükəmməl irsini öyrənin ki, bu dövlətə irəlidə zaval gəlməsin".

Sonda Fazil Mustafa bildirib ki, səsləndirdiyi mövqedə mübahisəli məqam görmür:

"Burada mübahisəlik bir məqam qaldımı? Öz xorunuzdur, öz gorunuzdur, bizə bunun nə aidiyyatı?", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər