Səbinə Hacıyeva: Məsuliyyət yalnız dövlətin deyil, hər kəsin işidir
“Tarixi şəhər məhəllələrinin qorunması yalnız dövlətin və ya sakinlərin üzərinə qoyulmamalı, bu proses birgə məsuliyyət prinsipi əsasında həyata keçirilməlidir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada çıxışı zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva deyib.
O qeyd edib ki, tarixi şəhərlərdə problemlər heç vaxt tam bitmir və buna görə davamlı idarəetmə sistemi tələb olunur:
“Tarixi məhəllələrin problemləri heç vaxt dayanmır, ona görə də davamlı sistem qurulmalıdır. Ən effektiv model yerli sakinlərin, hökumətin və donorların birgə iştirakı ilə formalaşır. Əgər bütün maliyyə yükü yalnız tarixi binalarda yaşayan insanların üzərinə düşərsə, onlar yalnız imkanları çərçivəsində iş görə bilərlər. Tarixi məhəllələrdə yaşayan insanların əksəriyyəti sosial baxımdan həssas təbəqəyə aiddir və lazımi işləri həyata keçirmək üçün kifayət qədər maliyyəyə malik deyil”.
S.Hacıyeva əlavə edib ki, keçmiş sovet respublikalarında olduğu kimi bütün məsuliyyət yalnız dövlətin üzərinə qoyulduqda da problemlər yaranır:
“Bu halda sakinlər öz məsuliyyətlərini hiss etmirlər. Ən düzgün yanaşma dövlət qurumları, yerli maraqlı tərəflər və donorlar arasında ortaq məsuliyyət və imkan bölgüsünün yaradılmasıdır”.
Qiymət Mahir