Azərbaycan qış idmanında beynəlxalq uğur qazandı - FOTOLAR
Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib.
TodayPress TV xəbər verir ki, Assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təmsil edib. Tədbir çərçivəsində ISMF-in prezident və vitse-prezident vəzifələrinə seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, bu seçim Azərbaycanın beynəlxalq idman təşkilatlarında təmsilçiliyinin artırılması ilə yanaşı, ölkəmizin qış idman növlərinin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə təqdim olunması üçün yeni imkanlar yaradır.
Eyni zamanda ISMF-in rəhbərliyində ali təmsilçilik Azərbaycan üçün xizək alpinizmi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, idmançıların və mütəxəssislərin beynəlxalq idman mühitinə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.