Rumıniya XİN Azərbaycanın Kiyevdəki səfirliyinə raket hücumunu pislədi
Xarici siyasət
15.11.2025 13:50
Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını qətiyyətlə pisləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Rumıniya XİN-in “X” hesabında bildirilib.
Rumıniya XİN Azərbaycanla tam həmrəylik ifadə edərək Kiyevdə səfirliyin raket zərbəsinə məruz qalmasını “məsuliyyətsiz hərəkət” adlandırıb, bunu Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib.
“Diplomatik nümayəndəliklərin binaları toxunulmazdır”, - qeyd olunub.
Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.
Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.
tag: Rumıniya XİN , Azərbaycanın Ukraynadakı səfirliyi,Raket zərbəsi,Diplomatik bina ,Todaypress.tv,
