Mirzoyan TRIPP-in Ermənistan üçün açacağı yeni yollardan danışdı
Ermənistan TRIPP layihəsi çərçivəsində praktiki işlərə mümkün qədər tez başlanmasında və layihənin tam həyata keçirilməsində maraqlıdır.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, TRIPP çərçivəsində dəmir yolu, elektrik xətləri və fiber-optik kabellərin çəkilməsi nəzərdə tutulur. Gələcəkdə qaz və neft kəmərlərinin, eləcə də digər infrastruktur obyektlərinin tikintisi də gündəmə gələ bilər.
Mirzoyanın sözlərinə görə, layihənin reallaşması Ermənistan üçün bir neçə istiqamətdə dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək. Belə ki, ölkənin şimalı və cənubu Naxçıvan ərazisi vasitəsilə birləşəcək, Azərbaycanla dəmir yolu ticarəti bərpa olunacaq, həmçinin üçüncü ölkələrin bazarlarına çıxış imkanları genişlənəcək.
O, Azərbaycanın da layihədən faydalana biləcəyini vurğulayıb. Nazir bildirib ki, bu marşrut ölkənin əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Ermənistan və üçüncü ölkələrlə nəqliyyat əlaqələrinə şərait yaradacaq.
Mirzoyan əlavə edib ki, kommunikasiya xətlərinin açılması və infrastrukturun istismara verilməsi regionda geniş iqtisadi perspektivlər yaradacaq.
Jalə Rövşən