DİQQƏT! Onlayn təhsil alanlar təhlükədədir
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq texnologiya şirkəti "Kaspersky"nin qlobal sorğusuna əsasən, ötən il onlayn və ya hibrid təhsil alan istifadəçilərin təxminən 60 faizi kibertəhlükəsizlik insidentləri ilə qarşılaşıb.
Şirkətdən TodayPress TV -yə verilən məlumata görə, respondentlərin 27 faizi şübhəli mesaj və linklərlə, 20 faizi saxta tətbiq və veb-saytlarla, 18 faizi isə messencer qruplarındakı dələduzluq halları ilə üzləşib.
Araşdırmada saxta kurslar, zərərli proqramlar, şəxsi məlumatların sızması və hesabların sındırılması da əsas təhlükələr sırasında göstərilib. Bu hallarla qarşılaşanların 47 faizi vaxt itkisinə məruz qaldığını, 42 faizi arzuolunmaz reklamlarla üzləşdiyini, 25 faizi isə maliyyə itkisi yaşadığını bildirib.
Sorğuda iştirak edənlərin 62 faizi son 12 ayda təhsil aldığını, onların 45 faizinin tam onlayn, 40 faizinin isə hibrid formatı seçdiyini qeyd edib.
Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib ki, onlayn təhsil zamanı fişinq linkləri, saxta platformalar və dələduzluq təklifləri istifadəçilər üçün ciddi risk yaradır.
O, kurslara ödəniş etməzdən əvvəl mənbələrin yoxlanılmasının, şübhəli linklərdən uzaq durmağın və şəxsi məlumatların qorunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, sorğu 2026-cı ilin avqustunda 18 ölkədən 1864 nəfər arasında keçirilib.
Jalə Rövşən