Rusiyada Nemtsovun qızına hökm oxundu
Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsi mərhum siyasətçi Boris Nemtsovun qızı, Rusiyada xarici agent elan olunmuş Janna Nemtsovaya arzuolunmaz təşkilata rəhbərlik etmək ittihamı ilə qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
Todaypress TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məhkəmənin hökmündə bildirilib ki, Janna Nemtsova ümumi rejimli cəzaçəkmə müəssisəsində 4 il müddətinə azadlıqdan məhrum edilir.
"Qeyd olunan cəza qiyabi hesab edilsin, cəza müddəti məhkumun Rusiya Federasiyası ərazisində saxlanıldığı və ya ekstradisiya edildiyi andan hesablansın”, – hökmün mətnində qeyd olunub.
Məhkəmə, həmçinin Nemtsovaya 8 il müddətinə internet resurslarını idarə etməyi qadağan edib.
Məhkəmə iclasında tərəflərin açıqlamalarına əsasən, Janna Nemtsovaya qarşı cinayət işi onun rəhbərlik etdiyi “Boris Nemtsov Azadlıq Fondu”nun Rusiyada arzuolunmaz təşkilat elan edilməsi ilə əlaqədar açılıb.
J.Nemtsova Rusiya Cinayət Məcəlləsinin 284.1-ci maddəsinin 3-cü hissəsi – Rusiya ərazisində arzuolunmaz elan edilmiş təşkilatın fəaliyyətinin təşkili maddəsi ilə məhkum edilib.
“Boris Nemtsov Azadlıq Fondu” Almaniyada fəaliyyət göstərir. Bonn şəhərində yerləşən təşkilat təhsil, mədəniyyət və ekspert layihələri ilə məşğul olur.
2024-cü ildə fond Rusiyada arzuolunmaz təşkilat elan edilib.
Hazırda Janna Nemtsova Almaniyada yaşayır.