İran Amerikanı kosmosdan hədəfə alır - Çin və Rusiyanın dəstəyi üzə çıxdı
İran Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinə qarşı əməliyyatlarda kosmik imkanlardan və peyk kəşfiyyatından istifadə edir. ABŞ-nin İranın kosmik infrastrukturuna zərbələr endirməsinə baxmayaraq, Tehran kosmik proqramını inkişaf etdirməyə davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” Pentaqonun Müdafiə Kəşfiyyatı İdarəsinin (DIA) hesabatına istinadən məlumat yayıb.
Hesabatda İran “inkişaf etməkdə olan” kosmik güc kimi xarakterizə olunur. Bildirilir ki, Tehran kosmik imkanlarından ABŞ hərbi qüvvələrinin mövqelərini və mühüm obyektlərini müəyyənləşdirmək üçün istifadə edir. İran, həmçinin GPS və digər qlobal naviqasiya sistemlərinin fəaliyyətinə müdaxilə edə bilən yerüstü radioelektron mübarizə vasitələrinə malikdir. Bu cür müdaxilələr, xüsusilə Hörmüz boğazında naviqasiya sistemlərinin fəaliyyətində problemlərə səbəb olub.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper mart ayında İranın kosmik komandanlığına zərbələr endirildikdən sonra ABŞ ordusunun ölkə üzərində kosmik üstünlük əldə etdiyini açıqlamışdı. Lakin amerikalı müdafiə ekspertləri İranın kosmik imkanlarının hələ də ABŞ qüvvələri üçün müəyyən çətinliklər yaratdığını bildirirlər.
Amerika Sahibkarlıq İnstitutunun aerokosmik məsələlər üzrə eksperti Todd Harrison hesab edir ki, İran ABŞ-nin kosmik imkanlarına müdaxilə edə bilirsə, Vaşinqtonun tam üstünlüyündən danışmaq çətindir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş elmi işçisi Kari Bingen də Tehranın ABŞ-nin kosmosdan istifadəsinə mane ola biləcək müəyyən imkanlara malik olduğunu qeyd edib. Bununla belə, İranın kosmik infrastrukturu ABŞ, Çin və Rusiyanın imkanlarından xeyli geridədir.
Məqalədə İranın kosmik proqramının inkişafında Çin və Rusiyanın dəstəyinə də diqqət çəkilir. Bildirilir ki, Tehran yerüstü hərbi hədəfləri izləmək məqsədilə Çindən casus peyki əldə edib. ABŞ Müdafiə Nazirliyinin Qeyri-müntəzəm Müharibə Mərkəzinin məlumatına görə, həmin peyk İranın hədəfləri müəyyənləşdirməsinə kömək edib.
ABŞ Dövlət Departamenti may ayında İranın hərbi əməliyyatlarına peyk görüntüləri ilə dəstək verdikləri iddiası əsasında üç Çin şirkətinə qarşı sanksiyalar tətbiq edib. DIA-nın hesabatında isə Rusiyanın 2022 və 2024-cü illərdə İran üçün iki müşahidə peykini orbitə çıxardığı, 2025-ci ildə də bu istiqamətdə əməkdaşlığın davam etdiyi bildirilir.
Axios-un məlumatına görə, İranın hazırda fəaliyyətdə olan təxminən 12 peyki var. 2024-cü ildə ölkənin Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Təchizat İdarəsi üç peyki aşağı Yer orbitinə çıxarıb. Bu buraxılış İranın “Simurq” raketinin ilk uğurlu uçuşu olub. Müqayisə üçün, ABŞ-nin orbitdəki peyklərinin sayı İranın göstəricisindən 1000 dəfədən çoxdur.
DIA hesab edir ki, Tehran hərbi və mülki kosmik proqramlarını genişləndirməklə ölkənin texnoloji imkanlarını, iqtisadi potensialını və hərbi modernləşməsini inkişaf etdirməyə çalışır. İran, həmçinin elektron hücumlara qarşı daha dayanıqlı idarəetmə və naviqasiya sistemləri yaratmağa diqqət yetirir.
Todd Harrison ABŞ-nin kosmosda üstünlük əldə etməsi barədə bəyanatını rəqibin Amerika təyyarələrini vurmağa davam etdiyi şəraitdə hava üstünlüyü elan etməyə bənzədib.
Jalə Rövşən