İlham Əliyev: Şəhərsalmada inkişafla yanaşı, tarixi irsin qorunmasında olduqca ehtiyatlı davranmalıyıq
“Təkcə musiqimizdə, şeirlərimizdə deyil, həm də memarlığımızda əks olunan qədim tariximizlə fəxr edirik. Bizim borcumuz isə bunu gələcək nəsillər üçün qoruyub saxlamaqdır və əminəm ki, növbəti nəsil də eyni şeyi edəcək”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı paytaxtın müasir inkişafı ilə tarixi abidələrin mühafizəsi arasındakı incə balansa diqqət çəkərək, bu prosesdə həm cəsarətli, həm də həssas olmağın vacibliyini qeyd edib:
“Bu gün, şəhərsalmanın, xüsusən də paytaxt şəhərlərində inkişafın zəruriliyini tam anlamaqla bərabər, biz həm cəsur, həm də ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Yeri gəlmişkən, bu yarış şəhər yollarında keçirilən azsaylı yarışlardan biridir. Beləliklə, əsas sürət küçəsində sürət saatda 300 km-dən çoxdur, daha sonra isə pilotlar əyləci basmalı və bolidləri qədim şəhər divarının cəmi 1 metr yaxınlığından keçən, eni 7 metr olan küçəyə sığışdırmalıdırlar”.
Ölkə rəhbəri idarəçilikdə, qərarların qəbulunda və şəhərlərin modernləşdirilməsində də analoji məsuliyyətli yanaşmanın tətbiq edilməli olduğunu vurğulayıb:
“Deməli, pilotlar cəsur və ehtiyatlı olmalıdırlar. Liderlər kimi, qərar qəbul edənlər və inkişaf gündəliyinə sahib olanlar kimi, biz də inkişafda, xalqımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq, lakin eyni zamanda, söhbət tarixi irsimizin qorunub saxlanmasından gedirsə, olduqca ehtiyatlı davranmalıyıq”.
Qiymət Mahir