Haluk Levent: "Azərbaycan xalqı çətin anımızda bizə qardaş olduğunu hiss etdirdi"
“Kahramanmaraşdakı zəlzələ zamandı azərbaycanlı qardaşlarımızdan çox böyük kömək gördük, bunu qətiyyətlə deyə bilərəm. Sizlərə, bütün Azərbaycan xalqına minnətdarıq. Zəlzələ zamanı bizə çox böyük dəstək verdilər, köməyə qaçdılar və qardaş olduğumuzu bizə dərindən hiss etdirdilər”.
TodayPress TV xəbər verir ki, bunu "Ahbap" Dərnəyinin rəhbəri, tanınmış sənətçi Haluk Levent jurnalistlərə müsahibəsində deyib.
Dərnək rəhbəri hazırda zəlzələ bölgəsində işlərin davam etdiyini və özünün dı əlindən gələni etdiyini bildirib:
“Əlbəttə, ilk növbədə onu demək lazımdır ki, dövlətin bütün orqanları orada səfərbər olub çalışır. Hər kəs nəsə etməyə, kömək olmağa can atır. Mən inanıram ki, o şəhərlər yenidən ayağa qalxacaq. Ən yaxın zamanda hər şey bərpa olunacaq və biz yenidən əvvəlki günlərimizə geri dönəcəyik”.
Şəhərsalma prosesində qarşıya çıxan çətinliklərə və bərpa işlərində diqqət yetirilməli olan məqamlara toxunan Haluk Levent bəyanatını bu mühüm xəbərdarlıqla tamamlayıb:
“Gözəl və təhlükəsiz şəhərlərin salınması yalnız güclü infrastrukturla mümkündür. İnfrastruktur olmadan, möhkəm bünövrə qurulmadan və aidiyyəti qurumlar rəsmi icazə imzası atmadan o binaların tikilməməsi lazımdır. Tikinti işlərinin nizamlı, qanunlara və mövcud qanunvericiliyə tam uyğun şəkildə aparılması çox vacibdir. Mənə görə, şəhərlərin gələcək gözəlliyi və təhlükəsizliyi məhz bu qaydalara əməl olunmasından asılıdır”.
Qiymət Mahir