Gürcüstanın ədliyyə naziri Bakıda Fərid Əhmədovla əməkdaşlıq perspektivlərini müzakirə etdi

Xarici siyasət

13.11.2025 15:03

Gürcüstanın ədliyyə naziri Paata Salia Azərbaycana səfər edib və ədliyyə naziri Fərid Əhmədovla görüş keçirib.

TodayPress TV xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, Fərid Əhmədov qonağı Bakıda salamlayaraq qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan münasibətlər təkcə ikitərəfli müstəvidə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir.

Nazir vurğulayıb ki, bu il Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Baş nazir İrakli Kobaxidzenin ilk rəsmi səfərlərini məhz Azərbaycana etmələri iki ölkə arasında münasibətlərin səmimi xarakterini göstərir.

Görüşdə icra, xüsusi icra və probasiya sahələrində beynəlxalq təcrübənin öyrənilməsi, 2022-ci ildə Batumidə keçirilən Hüquq Forumu və imzalanmış Əməkdaşlıq Memorandumunun verdiyi töhfələr müzakirə olunub. Tərəflər gələcəkdə birgə layihələrin və yeni əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Həmçinin qeyd olunub ki, ədliyyə sahəsində rəqəmsallaşma hər iki ölkə üçün prioritet istiqamətdir. Azərbaycanın bu sahədə tətbiq etdiyi innovativ həllər – “Elektron hərrac” platforması, “Mobil icra” tətbiqi və “E-qanun.ai” hüquqi axtarış sistemi yüksək qiymətləndirilib.

Görüşün sonunda bildirilib ki, bu səfər və aparılan müzakirələr Azərbaycan və Gürcüstan arasında hüquqi əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

TodayPress TV



tag: Gürcüstan , Paata Salia,Azərbaycan,Səfər,Todaypress.tv,