Fuad Oktay: Bakıda gələcəkdən danışırıqsa, bunu şəhidlərimizə borcluyuq

Xarici siyasət

24.02.2026 14:10

Azərbaycanla oxşar xüsusiyyətlərdən biri də şəhidliklərimizdir. Bu gün Bakıda bir yerdəyiksə, Bakıda gələcəkdən danışırıqsa, bunu şəhidlərimizə borcluyuq.

TodayPress TV xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay söyləyib.

O, səhər xarici işlər naziri Ceyhun Bayramovla görüşü olduğunu xatırladıb: "Üçtərəfli formatda geniş müzakirələr apardıq. Demək olar ki, bütün ikitərəfli və regional məsələlərə toxunmaq, onları qiymətləndirmək imkanı əldə etdik. Xüsusilə Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli əməkdaşlığı, eləcə də Azərbaycan–Gürcüstan münasibətləri və Azərbaycan–Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı ətraflı və geniş fikir mübadiləsi aparıldı. Sülh prosesi və görülən işlərin son dərəcə müsbət istiqamətdə irəlilədiyini bir daha birbaşa mənbədən öyrənmək imkanımız oldu. Bu bizi olduqca sevindirdi".

F. Oktay qeyd edib ki, Azərbaycan bu gün dünyada boru kəmərləri vasitəsilə neft və qazın ixracı və tranziti sahəsində ön sıralardadır.

“Ümumiyyətlə, yerləşdiyimiz coğrafiya həm zəngin təbii ehtiyatları, həm də güclü insan kapitalı ilə böyük imkanlara malikdir. Bu isə bizə müəyyən məsuliyyət də yükləyir. Həmin məsuliyyət Azərbaycanı, Türkiyəni və bütövlükdə Türk dünyasını daha da irəli aparmaqdır. Bugünkü əsas məqsədimiz isə regionun inkişafı, rifahı, sülh və təhlükəsizliyinin möhkəmləndirilməsi naminə əməkdaşlığı gücləndirməkdir”, - deyə o əlavə edib.

TodayPress TV

tag: TBMM,Fuat Oktay,Ceyhun Bayramov,Görüş,Todaypress.tv,