Yeni qətnamə ətrafında gərginlik: Avropa Parlamentinə Azərbaycanla bağlı iradlar artır

Təhlil

03.05.2026 20:43

Avropa Parlamentinin son qətnaməsi ilə bağlı səslənən fikirlər müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, hüquqşünas İlqar Altay Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli Azərbaycana dair qətnaməsində Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı və separatçı liderlərin həbsi ilə bağlı yer alan müddəaları tənqid edib.


Onun sözlərinə görə, bu yanaşma həm Azərbaycanın suverenliyinə toxunur, həm də regionda davam edən həssas proseslərə mənfi təsir göstərə bilər:

"Bu qətnamədə Qarabağla bağlı səsləndirilən iddialar təəssüf doğurur. Bu cür yanaşma Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə toxunmaqla yanaşı, Azərbaycan–Avropa münasibətlərinə, eləcə də bütövlükdə Cənubi Qafqazda sabitlik quruculuğu prosesinə zərər verə bilər".

İlqar Altay qeyd edib ki, Qarabağla bağlı məsələlər artıq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar çərçivəsində müzakirə olunur və bu prosesə beynəlxalq tərəfdaşlar da dəstək verir:

"Hazırda bu məsələlər Azərbaycan və Ermənistan hökumətləri arasında, ABŞ-nin dolayısı ilə iştirakı və bir sıra Avropa ölkələrinin dəstəyi ilə aparılan sülh prosesinin tərkib hissəsidir. Belə həssas mərhələdə kənar müdaxilələr ümumi prosesə fayda yox, əksinə zərər gətirə bilər".

Hüquqşünas əlavə edib ki, məsələ Ermənistandakı daxili siyasi proseslərlə də əlaqələndirilə bilər. Onun fikrincə, bu kimi açıqlamalar seçkilər ərəfəsində ölkədaxili siyasi mübarizədə alətə çevrilə bilər:

"Qarabağ münaqişəsi artıq öz həllini tapıb. Bu mövzunun yenidən gündəmə gətirilməsi Ermənistanda seçkilər öncəsi müəyyən siyasi qüvvələr tərəfindən istifadə olunur. Hətta Baş nazir Nikol Paşinyan və onun hökuməti də Qarabağ məsələsini bağlanmış hesab edir. Bu halda, Avropa Parlamenti Ermənistan tərəfinə də irad bildirməlidir".

İlqar Altay vurğulayıb ki, buna baxmayaraq, qətnamənin hüquqi baxımdan məcburi qüvvəsi yoxdur və bu addım Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığa ciddi təsir göstərməyəcək:

“Avropa Parlamentinin qərarları hüquqi imperativ xarakter daşımır. Hesab edirəm ki, bu addım Azərbaycanla Avropa İttifaqı arasında mövcud əməkdaşlıq münasibətlərinə ciddi xələl gətirməyəcək".

Türkan İsgəndərli

TodayPress TV

tag: Avropa,ABŞ,Qətnamə,Qarabağ,Todaypress.tv,