190 ölkə Bakıda: Tarixdə ilk FIFA U-15 Çempionatı niyə məhz Azərbaycana həvalə olundu?

190 ölkə Bakıda: Tarixdə ilk FIFA U-15 Çempionatı niyə məhz Azərbaycana həvalə olundu?
05.10.2026 15:59 Siyasət

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 22–30 oktyabr tarixlərində Bakıda təşkil olunacaq.

TodayPressTV xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə həyata keçirilən ardıcıl dövlət idman siyasətinin, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin növbəti göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, turnirə hazırlıq işləri genişmiqyaslı şəkildə davam etdirilir.

Yarışların böyük hissəsinin keçiriləcəyi Hövsan Yarış Kompleksində hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Turnir çərçivəsində keçiriləcək 1000-ə yaxın qarşılaşmanın yeni inşa edilən kompleksin 10 futbol meydançasında təşkili nəzərdə tutulur.

Çempionatda FIFA-ya üzv assosiasiyaları təmsil edən dünyanın 190-a yaxın ölkəsindən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsminin iştirak etməsi gözlənilir.

Bir neçə gün əvvəl FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan Yarış Kompleksinə baş çəkərək burada görülən hazırlıq işləri ilə tanış olub. FIFA prezidentinə turnirə hazırlıq prosesi, yaradılan infrastruktur, təhlükəsizlik tədbirləri və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.

Canni İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı işləri və Azərbaycanın turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu yalnız qarşıdakı dünya çempionatına xidmət etməyəcək. Kompleks gələcəkdə Azərbaycanda uşaq və yeniyetmə futbolunun inkişafı, gənc istedadların üzə çıxarılması və onların peşəkar futbola hazırlanması baxımından mühüm rol oynayacaq.

Azərbaycanın müasir idman infrastrukturu, təhlükəsiz və sabit mühiti, eləcə də beynəlxalq yarışların keçirilməsi sahəsində qazandığı zəngin təcrübə belə irimiqyaslı tədbirlərin yüksək səviyyədə təşkilinə imkan yaradır.

İlk FIFA U-15 Dünya Çempionatı və Festivalının məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, həmçinin gənc nəslin idmana marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər