Avropa İttifaqı Ermənistanı “paraya boğdu” – Sərhəddə görünəcək
Ermənistan hökuməti bu gün, noyabrın 19-da keçirilən iclasında daha bir kreditin – 19 milyon 600 min avro məbləğində vəsaitin cəlb edilməsini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Rusyerevantoday” məlumat yayıb.
Ermənistan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Dövlət Gəlirləri Komitəsinin (DGK) sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi proqramının həyata keçirilməsi məqsədilə yeni kredit sazişinin bağlanması planlaşdırılır.
Proqramın əsas məqsədi sərhəd-keçid məntəqələrində qabaqcıl sərhəd nəzarəti avadanlıqlarının alınması və quraşdırılması, mövcud infrastrukturun modernləşdirilməsi, həmçinin yeni gömrük laboratoriyasının yaradılması yolu ilə sərhəd və gömrük idarəçiliyi imkanlarının inkişaf etdirilməsi üçün Ermənistan Respublikasına maliyyə dəstəyinin göstərilməsidir.
Proqram çərçivəsində Ermənistana 19 600 000 avro məbləğində kredit və 543 000 avro məbləğində texniki yardım qrantı ayrılması planlaşdırılır.
Kredit iki tranşdan ibarətdir:
I tranş (avadanlıq) – 15 600 000 avro;
II tranş (laboratoriya) – 4 000 000 avro (məbləğ ilkin xarakter daşıyır və texniki-iqtisadi əsaslandırmanın – Feasibility Study – nəticələrinə əsasən dəqiqləşdiriləcək).
Xatırladaq ki, hökumət bugünkü iclasında daha bir krediti – 250 milyon avro məbləğində vəsaitin cəlb edilməsini də təsdiqləyib.
Zəhra Məmmədova