Putin düymə əlinin altında olsun deyə nüvə çantasını Çinə aparıb - VİDEO

Putin düymə əlinin altında olsun deyə nüvə çantasını Çinə aparıb - VİDEO
19.11.2026 11:34 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı diqqətçəkən hadisə yaşanıb. APEC sammiti çərçivəsində Şençjen şəhərində keçirilən tədbirlər zamanı Rusiya nümayəndə heyətinin üzvlərindən biri ölkənin nüvə silahlarına nəzarət sistemi ilə əlaqəli xüsusi çamadanı açıq şəkildə daşıyarkən kameralara tuş gəlib.

Rusiya dövlət televiziyasının jurnalisti, eyni zamanda Dövlət Dumasının deputatı Yevgeni Popov sammitin keçirildiyi məkanda hərbi dəniz qüvvələrinin zabitinin əlindəki qara çamadana diqqət çəkib. O, kameraya müraciətlə “Baxın, məşhur nüvə çamadanı bizim arxamızdadır” deyib.

Daha sonra zabitə yaxınlaşan jurnalist birbaşa soruşub: “Salam, bu nüvə çamadanıdır?” Donanma zabiti gülümsəyərək qısa şəkildə “Bəli” cavabını verib. Popov sualını təkrarladıqda isə zabit “Elə həmin çamadandır” deyərək bunu bir daha təsdiqləyib. Jurnalistin “İnanılmaz!” reaksiyası da görüntülərdə əks olunub.

Söhbət Rusiyanın nüvə komanda-nəzarət sisteminin mühüm elementlərindən biri olan “Çeqet”dən gedir. Adını Qafqaz dağlarındakı eyniadlı zirvədən alan bu cihaz ölkənin “Kazbek” avtomatlaşdırılmış nüvə komanda-nəzarət sisteminin mobil terminalıdır. O, prezidentə olduğu yerdən asılı olmayaraq strateji nüvə qüvvələri ilə təhlükəsiz əlaqə saxlamaq və zərurət yarandıqda müvafiq əmrləri ötürmək imkanı verir.

Bununla belə, “Çeqet” raketlərin birbaşa buraxılmasını təmin etmir. Prezidentdən ötürülən əmrlər Baş Qərargaha çatdırılır və sonrakı mərhələlərdə müvafiq komanda zənciri üzrə icra olunur. Çamadan, bir qayda olaraq, prezidentin müşayiətində olan hərbi dəniz qüvvələri zabiti tərəfindən daşınır. Bu səbəbdən onun açıq şəkildə kameralara düşməsi nadir hadisə hesab olunur.


Görüntülərin yayılma vaxtı da xüsusi diqqət çəkib. Hadisə Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən bir gün əvvəl baş verib. Bildirilir ki, görüşün müzakirə mövzularından biri də nüvə silahlarına nəzarət və onların məhdudlaşdırılması olacaq.

Bəzi müşahidəçilər və media orqanları bu nadir görüntüləri təsadüfi hadisə kimi qiymətləndirmir, Kremlin mümkün siyasi mesajı kimi şərh edirlər. Qeyd edək ki, 2023-cü ildə Putinin Pekinə səfəri zamanı da analoji görüntülər yayılmışdı.

Məlumata görə, Rusiyanın nüvə komanda-nəzarət sisteminə aid üç belə terminal mövcuddur. Onlardan biri prezidentin, digərləri isə müdafiə naziri və Baş Qərargah rəisinin sərəncamındadır. ABŞ-də analoji funksiyaya malik cihaz isə “Nüvə futbol topu” (Nuclear Football) adı ilə tanınır.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər