Tramp dünya çempionatına müdaxilə edir: İran əvəzinə İtaliya...

Təhlil

23.04.2026 14:21

İran hökuməti ölkənin milli futbol komandasının 2026-cı ildə ABŞ-də keçiriləcək Dünya Çempionatında iştirakına hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir  bu barədə hökumət sözçüsü Fatimə Mohecerani  bildirilib. 

Onun sözlərinə görə,   komandanın uğurlu və qürurlu çıxışı üçün zəruri tədbirlər artıq görülüb. 

Daha sonra ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampollinin FIFA-ya müraciət edərək, İranın yerinə İtaliyanın 2026-cı il Dünya Çempionatına daxil edilməsini təklif etdiyi bildirilir. 

Qeyd edilib ki,  bu təşəbbüs Trampla İtaliyanın Baş naziri Corciya Meloni arasında münasibətlərin yaxşılaşdırılması cəhdi kimi qiymətləndirilir. Qeyd olunur ki, daha əvvəl Trampın İranla bağlı açıqlamalarında Papa XIV Leona yönəlmiş fikirlər iki lider arasında gərginliyə səbəb olmuşdu.

Zampolli bildirib ki, o, həm Donald Trampa, həm də FIFA Prezidenti Canni İnfantinoya bu təklifi təqdim edib.

Maraqlı məqam odur ki, dünya futbolunun aparıcı komandalarından biri olan İtaliya isə son seçmə mərhələsində uğursuz çıxış edərək ardıcıl üçüncü dəfə DÇ-yə vəsiqə qazana bilməyib.

Zampollinin təklifi İtaliyada müəyyən müzakirələrə səbəb olsa da, FIFA-nın bu məsələyə necə reaksiya verəcəyi hələlik məlum deyil.

Məsələ ilə bağlı Ağ Ev, FIFA, İtaliya Futbol Federasiyası və ya İran Futbol Federasiyası tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Əgər bu təklif real müstəviyə keçərsə, futbol tarixində  siyasi razılaşma yaşıl meydanlardakı nəticəni tamamilə üstələmiş olacaq.

Jalə Rövşən

TodayPress TV

tag: Donald Tramp,Paolo Zampolli,FIFA,İran,İtaliya,Todaypress.tv,