Amerikanın sülh planı: Ukrayna NATO-dan imtina edə bilər
ABŞ-ın Ukrayna ilə bağlı sülh planının mümkün şərtləri açıqlanıb.
TodayPress TV xəbər verir ki, “The Economist” jurnalının Ukrayna rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ-nin Ukraynadakı münaqişənin həlli ilə bağlı mümkün təklifləri arasında Donbasda silahsızlaşdırılmış zonanın yaradılması, Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Kiyevə investisiya dəstəyinin göstərilməsi yer ala bilər.
Nəşrin yazdığına görə, mümkün razılaşma çərçivəsində Rusiyaya ABŞ-la iqtisadi əməkdaşlıq, sanksiyaların yumşaldılması və siyasi münasibətlərin normallaşdırılması təklif oluna bilər. Ukrayna isə NATO üzvlüyündən imtina müqabilində investisiyalara və Avropa İttifaqına üzvlük perspektivinə ümid edə bilər.
“The Economist”in mənbələri Ukrayna tərəfinin ABŞ-ın son təklifləri barədə bütün məlumatlara malik olmadığını bildiriblər. Bununla belə, jurnalın məlumatına görə, mümkün razılaşmanın əsas elementləri danışıqlarda iştirak edən tərəflərə artıq məlumdur.
Nəşr həmçinin Rusiya qazının Avropaya tədarükünün bərpasının və “Şimal axını” boru kəmərinin yenidən fəaliyyətə başlamasının Moskva üçün əlavə stimul ola biləcəyini qeyd edib. Bununla yanaşı, ABŞ-ın Avropada yerləşən boru kəmərinin fəaliyyətini birbaşa tənzimləmək səlahiyyətinin olmadığı vurğulanıb.
Jurnalın məlumatına görə, Ukraynalı danışıqçılar Vaşinqtonun münaqişə həll olunmazdan əvvəl Rusiya ilə gəlirli iqtisadi müqavilələr bağlamağa çalışmasından narahatdırlar. Ukraynalı rəsmilərdən biri bu yanaşmanı potensial kommersiya imkanlarını itirməmək istəyi ilə izah edib.
Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqların bərpasına hazır olduqlarını bildirib. O, müvəqqəti atəşkəsdən fərqli olaraq, hərtərəfli sülh sazişinin bağlanmasından sonra təhlükəsizlik təminatlarının müzakirə edilməsinin vacibliyini vurğulayıb.
Putin, həmçinin Rusiya və Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı müzakirələrin Avropadakı təhlükəsizlik arxitekturasını da əhatə etməli olduğunu qeyd edib. Onun sözlərinə görə, vəziyyətin gələcək inkişafı yaxın günlərdə daha aydın olacaq.
Xatırladaq ki, oktyabrın 21-də Rusiya lideri ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffa Moskvanın Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar münaqişə başa çatdıqdan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin formalaşdırılmasına yönələcək.
Jalə Rövşən