Azərbaycanda dövlət investisiya xərcləri iki dəfə artırılır

Azərbaycanda dövlət investisiya xərcləri iki dəfə artırılır
23.10.2026 11:52 İqtisadiyyat

Azərbaycanda 2027-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün 5 milyard 300 milyon manat vəsait ayrılması planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

2026-cı ilin təsdiqlənmiş büdcəsində dövlət əsaslı vəsait qoyuluşuna 2 milyard 700 milyon manat ayrılıb.

Beləliklə, gələn il bu istiqamət üzrə vəsaitin 2 milyard 600 milyon manat və ya 96.3 faiz artırılması nəzərdə tutulur.

Layihəyə əsasən, 2027-ci ildə iqtisadi fəaliyyət sahəsinə ümumilikdə 8 milyard 907 milyon 334 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı ilin 7 milyard 856 milyon 635 min manatlıq göstəricisindən 1 milyard 50 milyon 699 min manat və ya 13.4 faiz çoxdur.

Gələn il tikinti və şəhərsalma sahəsinə 6 milyard 3 milyon 966 min manat, nəqliyyat və rabitəyə isə 785 milyon 108 min manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2026-cı ilin büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard 500 milyon manat ayrıca göstərilib. 2027-ci ilin təqdim olunan layihəsində isə həmin vəsait eyni bölmədə ayrıca sətir kimi əks olunmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər