"Səfəvilər nə vaxtdan FARS olub?!" - Hər şeyi öz adı ilə çağıraq
Təhlil
14.05.2026 16:24
Türkiyə Milli Təhsil Nazirliyinin açıqlamasına görə, dərsliklərdə bəzi tarixi və coğrafi anlayışların dəyişdirilməsi qərara alınıb. Yeni proqramda “Orta Asiya” əvəzinə “Türkistan”, “Ege dənizi” əvəzinə “Adalar dənizi” ifadəsi işlədiləcək. “Səlib yürüşləri” anlayışı “Xaçlı hücumları” kimi təqdim olunacaq, “coğrafi kəşflər” isə “müstəmləkəçiliyin başlanğıcı” kimi izah ediləcək.
Bu dəyişikliklərin milli və tarixi baxışın gücləndirilməsi məqsədi daşıdığı bildirilir. Maraqlıdır, bəs Azərbaycanda dəyişilməli olacaq terminlər varmı?
Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu məsələyə yanaşmada, xüsusilə tarix kitablarında və bəzi tarixə dair əsərlərdə istifadə olunan terminologiyaya diqqət yetirilməlidir:

"Məsələn, Rusiyanın Cənubi Qafqaza və Azərbaycana gəlişi ilə bağlı bəzi mənbələrdə “gəliş” və ya buna bənzər ifadələr işlədilir. Lakin bu hadisələrin xarakterini nəzərə alaraq, bir çox hallarda “işğal” kimi daha dəqiq və hadisənin mahiyyətini əks etdirən ifadələrin işlədilməsi lazım olduğu fikrindəyəm. Yəni Rusiyanın Cənubi Qafqazı və Azərbaycanın müəyyən ərazilərini işğal etməsi kimi terminologiyanın daha uyğun ola biləcəyini düşünürəm".
Analitik qeyd edib ki, hadisələrin mahiyyətini ört-basdır edən ümumi ifadələr yığışdırılmalıdır:
"Digər bir məsələ isə “erməni məsələsi” ifadəsinin işlədilməsidir. Fikrimcə, bu termin ümumi və qeyri-dəqiq səslənir. Bunun əvəzinə daha konkret ifadələrdən, məsələn, “erməni separatizmi”, “Azərbaycanda erməni separatçı fəaliyyəti” və ya “etnik təmizləmə siyasəti” kimi daha dəqiq terminlərdən istifadə olunması daha məqsədəuyğun ola bilər. Çünki bu hadisələrin mahiyyətini daha aydın şəkildə ifadə edən məhz bu cür anlayışlardır".
Mübariz Göyüşlü həmçinin tarixi obyektivliyin bərpası üçün zəruri olan məqamı vurğulayıb:
"Səfəvilər dövləti ilə bağlı qeyd etmək istərdim ki, tarixçi olmasam da, oxuduqlarım və qarşılaşdığım mənbələr əsasında belə bir fikir formalaşıb ki, bu dövlətin daha çox türk dövlətçilik ənənələri kontekstində təqdim olunması daha doğru yanaşma ola bilər. Bəzi hallarda fars təsirinin və ya məzhəb amilinin həddindən artıq ön plana çıxarıldığını müşahidə edirik. Bu baxımdan, həmin məsələlərə daha balanslı və obyektiv yanaşmanın vacib olduğunu düşünürəm".
Jalə Rövşən
tag: Mübariz Göyüşlü,Siyasi şərhçi,Səfəvilər,Fars,Todaypress.tv,
